“Brexit”dən sonra yaranan boşluq Londonu gerçəkliyi anlamağa, maraqları cavablandırmağa vadar edir
Qlobal siyasətin sürətlə dəyişdiyi, ənənəvi birliklərin sarsıldığı, yeni güc balanslarının formalaşdığı bir dövrdə Böyük Britaniya xarici siyasət kursunda diqqətçəkən korrektələrə gedir. Baş nazir Kir Starmer bildirib ki, İran müharibəsinin yaratdığı qlobal qeyri-sabitlik fonunda Böyük Britaniya diqqətini Avropa ilə daha sıx iqtisadi və müdafiə əlaqələrinə yönəltməlidir.
Açıqlama Donald Tramp tərəfindən səsləndirilən tənqidlərdən sonra verilib. Starmer qeyd edib ki, Avropa ilə münasibətlərin gücləndirilməsi Aİ ilə keçiriləcək sammitin əsas mövzusu olacaq. O, həmçinin xəbərdarlıq edib ki, İran müharibəsinin nəticələri bir nəsil boyunca davam edəcək: “Dünya bu qeyri-sabit istiqamətdə irəlilədikcə uzunmüddətli milli maraqlarımız Avropadakı müttəfiqlərimizlə daha sıx tərəfdaşlıq tələb edir”. Bundan öncə Tramp ABŞ-ın İrana qarşı müharibəsinə qoşulmaq istəmədiyi üçün dəfələrlə Starmeri qorxaq adlandırıb. ABŞ lideri Starmeri “O, Uinston Çörçill deyil” ifadəsi ilə tənqid etmiş, Britaniyanın təyyarədaşıyan gəmilərini “oyuncaq” adlandırmışdı.
Aİ-dən ayrılmaq Londonun suveren qərarvermə imkanlarını artırmaqla yanaşı, iqtisadi inteqrasiyanın verdiyi üstünlüklərin itirilməsi ilə nəticələndi. Ona görə də Starmer hökumətinin Aİ ilə münasibətləri “yenidən kalibrləmə” təşəbbüsü strateji zərurət kimi də dəyərləndirilə bilər. Britaniyanın bu istiqamətdə addımlarını şərtləndirən əsas amillər arasında qlobal təhlükəsizlik mühitinin qeyri-sabitliyi xüsusi yer tutur. ABŞ ilə münasibətlər ənənəvi olaraq “xüsusi tərəfdaşlıq” çərçivəsində qurulsa da, son illər Vaşinqtonun prioritetlərinin dəyişməsi London üçün qeyri-müəyyənlik yaradıb. Xüsusilə, Yaxın Şərqdə artan gərginlik və mümkün hərbi eskalasiya ehtimalı Britaniyanı daha balanslı xarici siyasət yürütməyə vadar edir. Cari vəziyyət Londona göstərir ki, Transatlantik ox üzərində qurulan siyasət artıq kifayət etmir. ABŞ-ın qlobal strategiyasında regionlar üzrə selektiv yanaşma, eləcə də gözlənilməz qərarlar Britaniyanın öz təhlükəsizlik və iqtisadi maraqlarını daha müstəqil şəkildə təmin etməsini zəruri edir. Belə bir şəraitdə Avropa ilə daha sıx əməkdaşlıq London üçün həm iqtisadi sabitlik, həm də siyasi dayanıqlılıq baxımından tamamlayıcı istiqamət ola bilər.
Bir məqamı da qeyd edək ki, Starmer hökumətinin Aİ ilə münasibətləri bərpa etmək istəyi klassik inteqrasiyaya qayıdış anlamına gəlmir. Əksinə, proses daha çevik və selektiv əməkdaşlıq modelinə əsaslanır. Enerji təhlükəsizliyi, iqlim dəyişikliyi, ticarət və texnologiya kimi sahələrdə koordinasiyanın gücləndirilməsi əsas prioritetlər sırasındadır. Görünür, London artıq ideoloji yanaşmadan uzaqlaşaraq, konkret maraqlar üzərində qurulan münasibətlərə üstünlük verir.
Yeri gəlmişkən, Böyük Britaniya Aİ-dən 6 il öncə çıxmışdı. Bu qərarın əsası 23 iyun 2016-cı ildə keçirilən referendumda qoyulmuşdu. Referendumda seçicilərin təxminən 52 faizi Aİ-dən çıxmağın lehinə səs vermişdi. Bunun əsas səbəblərindən biri ölkənin öz qanunvericiliyinə və sərhədlərinə daha çox nəzarət etmək istəyi idi. Eyni zamanda, britaniyalıların əksəriyyəti Aİ-nin miqrasiya siyasətini tənqid edir və sərbəst hərəkət qaydalarını məhdudlaşdırmaq istəyirdi. Digər mühüm səbəb isə Aİ büdcəsinə edilən maliyyə ödənişlərinə qarşı narazılıq idi. Bəzi siyasətçilər hesab edirdi ki, Britaniya Aİ-dən kənarda daha sərbəst ticarət müqavilələri bağlaya bilər. Milli suverenlik və “qərarların Londonda verilməsi” ideyası da prosesdə güclü rol oynamışdı.
Brexit sonrası iqtisadi çətinliklər, inflyasiya təzyiqləri və ticarət əlaqələrinin zəifləməsi hökuməti yeni bazar və tərəfdaşlar axtarmağa məcbur edir. Aİ ilə münasibətlərin normallaşdırılması bu baxımdan həm biznes mühitinə müsbət siqnal verir, həm də investor etimadını artırır. Məsələyə geosiyasi aspektdən yanaşdıqda Londonun bu addımının Avropada yeni güc balansının formalaşmasına təsir göstərmək ehtimalı yüksəkdir. Britaniyanın Aİ ilə yaxınlaşması bir tərəfdən qitədə koordinasiyanı gücləndirə, digər tərəfdən isə Transatlantik münasibətlərdə yeni dinamika yarada bilər. Həmçinin təhlükəsizlik sahəsində daha çox Avropayönümlü təşəbbüslərin artması da mümkündür.
Britaniya üçün əsas çağırış balansın qorunmasıdır. ABŞ-la strateji tərəfdaşlığı zəiflətmədən Avropa ilə münasibətləri dərinləşdirmək incə diplomatik manevrlər tələb edir. London prosesdə nə Vaşinqtondan uzaqlaşmaq, nə də Brüsselə tam inteqrasiya etmək niyyətindədir. Əksinə, məqsəd çoxqütblü dünyada özünəməxsus mövqeni gücləndirməkdir. Ona görə də Starmerin siyasəti daha çox Britaniyanın “qlobal oyunçu” statusunu qorumaq cəhdi kimi başa düşülə bilər.
Sonda bir məqamı da vurğulayaq ki, post-Brexit dövründə tez-tez səsləndirilən “Qlobal Britaniya” konsepsiyası artıq real çərçivəyə salınır. Daha dəqiq desək, konsepsiya emosional ritorikadan çıxaraq, konkret iqtisadi və siyasi əməkdaşlıq platformalarına yönəlir. Bu isə Londondan daha praqmatik və hesablanmış xarici siyasət tələb etdiyindən Aİ ilə münasibətlər yenidən nəzərdən keçirilir.
Hüseyn SULTANLI,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşı
Kir Starmer baş nazir kimi vəzifəsinin icrasına başlayanda Tramp administrasiyası ilə əlaqələri qorumaq, Brexitdən sonra yaranan qeyri-müəyyənlik səbəbilə zəifləyən Avropa İttifaqı ilə münasibətləri yenidən qurmaq arasında balans yaratmağa çalışdı. Bu yanaşma 2025-ci ilin mayında ilk dəfə lider səviyyəsində keçirilən rəsmi Böyük Britaniya–Avropa İttifaqı sammitinin təşkilini və eyni zamanda, Aİ üzvü olan ayrı-ayrı ölkələrlə ikitərəfli əlaqələrin gücləndirilməsinə fokuslanmanı əhatə edirdi. Lakin balansın uzunmüddətli şəkildə qorunması sabitlik və transatlantik ittifaq çərçivəsində qarşılıqlı maraqların anlaşılmasına əsaslanan geosiyasi mühit tələb edirdi. Mövcud beynəlxalq vəziyyət isə bunun tam əksini nümayiş etdirir və Yaxın Şərqdəki müharibə Tramp–Starmer münasibətlərini ciddi sınaq qarşısında qoyur.
Buna baxmayaraq, Böyük Britaniya hökumətinin rəsmi ritorikası yalnız milli maraqlara yönəlib. Son addımlar və bəyanatlar məhz bu prizmadan formalaşıb. O cümlədən Avropa İttifaqı ilə yaxınlaşmaya dair siqnallar sezilir. Baş nazir son çıxışlarının birində qeyd edib ki, tərəflər dünyanın ən böyük vahid bazarı ilə Böyük Britaniyanın daha sıx inteqrasiyasını təmin edəcək yeni çərçivə üzərində işləyirlər. Yanaşma Brexitin təsirlərini kompensasiya etməyə yönəlmiş sektorlar üzrə məhdud sazişlərdən fərqli olaraq, daha real və genişmiqyaslı tərəfdaşlığı nəzərdə tutur. Lakin prosesin həyata keçirilməsi asan deyil və ciddi siyasi səylər tələb edəcək.
Bütün bunların fonunda Böyük Britaniya və Aİ arasında Brexitdən sonrakı dövrdə də bəzi fikir ayrılıqları olub. Londonun müdafiə hazırlığını gücləndirməyə yönəlmiş “Avropa üçün Təhlükəsizlik Fəaliyyəti” təşəbbüsünə qoşulması ilə bağlı son uğursuz razılaşma bura daxildir. Ona görə də Aİ və Böyük Britaniya Vaşinqtonun prosesləri yaxından izləyədiyini unutmamalı, atacaqları addımların münasibətləri daha da gərginləşdirməməsinə diqqət etməlidirlər.
Nəzrin ELDARQIZI
XQ