AZ

Orxan Məmmədov: “Zirə”nin ilk dəfə çempion olması minifutbolun inkişaf etdiyini göstərir

Bakı, 3 aprel, AZƏRTAC

Bu gün mövsümü başa vurduq və “Zirə” komandası Azərbaycan futbolu tarixində ilk dəfə çempionluq qazandı.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov minifutbol üzrə Azərbaycan çempionatının final oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

O, nəticənin federasiya üçün çox əlamətdar və sevindirici hadisə olduğunu deyib: “Çünki yeni bir komandanın çempion olması minifutbolun inkişaf etdiyini göstərir. Həmçinin bu il çempionatda 16 komanda iştirak edib, halbuki ötən il bu rəqəm 14 idi. Bu da futbola olan marağın artdığını göstərir. Yeni komandalar yaradılır, sahibkarlar və sponsorlar bu idman növünə daha çox diqqət ayırırlar. Bizim əsas məqsədimiz isə minifutbolu gənclər arasında daha geniş yaymaq, yeni meydançalar tikmək və daha çox insanın bu idman növü ilə məşğul olmasına nail olmaqdır”.

O. Məmmədov “Birbaşa Bakı”ya 4:1 hesabı ilə qalib gələn “Zirə” komandasını təbrik edib: “Bu gün çox gərgin mübarizə getdi. Ümumiyyətlə, bu iki komandanın iştirak etdiyi oyunlar həmişə gərgin keçir, komandalar arasında böyük rəqabət var. “Zirə”nin qalib gəlməsi də göstərir ki, komanda inkişaf edir.

Biz istəyirik ki, bu inkişaf milli komandamıza da müsbət təsir etsin. Bu il yığmamız Avropa çempionatına hazırlaşır, yarış Slovakiyada keçiriləcək. Yığma inkişaf edir, yeni üzvlər qoşulub və inanırıq ki, ölkə çempionatındakı rəqabət milli komandaya da öz təsirini göstərəcək. Ümid edirik ki, millimiz Avropa çempionatında uğurla çıxış edəcək və ölkəmizə ən azı medallarla qayıdacaq. Komandamızın Avropa çempionatından əvvəl iki təlim-məşq toplanışı planlaşdırılır. Əminəm ki, həm məşqlər, həm də avqustdakı seçimlərdən sonra komandanın tərkibi məlum olacaq və elan ediləcək”.

AMF rəhbəri federasiyanın əsas məqsədini açıqlayıb: “Əsas məqsədimiz odur ki, belə meydançalar daha çox olsun. Biz infrastruktur baxımından çalışırıq ki, hər komandaya, ən azı üç-dörd komandaya belə meydança təmin edilsin və hər kollektiv böyük futboldakı kimi öz meydanında oynaya bilsin. Bu istiqamətdə sponsorlar və iş adamları ilə birgə əməkdaşlıq edirik və komandalardan da işbirliyi qururuq. İnkişaf gedir, komandalar arasında rəqabət güclənir. Əminəm ki, gələcəkdə bu gözəl nəticələr daha da çox olacaq”.

Fotoqraf - Tofiq Babayev

Seçilən
50
1
azertag.az

2Mənbələr