AZ

Qərblə Şərq əks qütblər olmamalıdır Telman Orucov yazır

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Telman ORUCOV

(Əvvəli ötən cümə sayımızda)

Səlib yürüşləri

Avropada XI əsrin sonunda başlanan Səlib yürüşləri dinsizlər və ya kafirlər hesab edilənlərə qarşı Müqəddəs müharibə aparmaq ideyasına əsaslanırdı. Xristianların qəzəbi müsəlmanlara doğru istiqamətlənmişdi və əsasən İspaniyanın müsəlman ağalığından və müsəlman əhalisindən azad olunmasında öz ifadəsini tapmışdı. Məhz 1098-ci ildə xristian Avropası müsəlmanlara hücum etmək üçün əlverişli şərait tapdı.

Səlib yürüşlərinin impulsu qəflətən Bizans imperatoru I Aleksisdən (1088-1099-cu illər) gəldi. O, papa Urbandan xahiş etmişdi ki, Səlcuq türklərinə qarşı ona köməklik göstərsin. Papa bundan öz liderliyini sübut etmək üçün qızıl imkan kimi istifadə etdi, Avropa döyüşçüləri Yerusəlimi və Müqəddəs Torpağı "kafirlərdən" azad etmək üçün Asiyaya yürüş edəcəkdi. Yerusəlim Müqəddəs şəhər kimi uzun müddət ərzində xristian zəvvarlarının diqqətində olan bir mövzu idi. 1905-ci ildə Fransanın cənubundakı Klemon şəhərindəki kilsə Şurasında papa Urban xristianlara müraciət edib, onları dinsizlərə qarşı əllərinə silah götürməyə və Müqəddəs Torpağı xristianlara qaytarmağa çağırdı. Bunun əvəzində Papa günahların bağışlanacağını vəd etdi. Bu yolla kafirlərə qarşı döyüşdə həlak olan hər bir adam, istər bu torpaq üstündə, ya da dənizdə baş versin, həmin andaca günahlarından azad olunacaqdı. O, uca səslə dedi: "Bunu mən Allahın verdiyi qüdrət vasitəsilə, onlara təqdim edəcəyəm".

Urbanın çıxışına ilk cavab olaraq, çox sayda adam hərbi qüvvələrə qoşuldu və dini qızğınlıq, əslində isə sürü psixozuna tutuldu. İlk Səlib yürüşü dini fanatizmin nümayişinə çevrildi. İri ordu yarandı, o, "Kəndli" Səlib yürüşü və ya "Yoxsulların" Səlib yürüşü adlanırdı. Onlar Balkanlardan keçəndə yerli əhalini terror və qarət edirdilər. Dini entuziazmın yerini həm də digər faciəli hadisələr tuturdu, yəhudilər təqib olunurdu, onları xristian kilsələri İisus Xristin qatilləri kimi təqdim edirdi. Yəhudi harada tapılsaydı, nifrət edilən irq kimi təqib edilməli idi. Türklər də  öz növbəsində, intizamsız və zəif silahlanmış bu kütləni qırırdılar.  

Qərbi Avropanın, xüsusən Fransanın döyüşçüləri ilk Səlib ordularını formalaşdırdılar. Cəngavərlər onların ağaları hesab olunurdu. Bir hissə vuruşmaq arzu edirdisə, digərləri buna ərazi tutmaq, varlanmaq, mümkünsə titula malik olmaq və hətta xilas olmaq imkanı kimi baxırdılar. Katolik kilsəsi isə əvvəllər "Allahın sülhü" və "Allahın həqiqəti" kimi şüarlarla çıxış edirdisə, böyük uğur  olmadığından buna nail ola bilməmişdi.

Səlibçilər 1099-cu ildə Yerusəlimə çatdılar, beş həftəlik mühasirədən sonra Müqəddəs şəhər zəbt edildi və sakinlərin - kişilərin, qadınların, uşaqların dəhşətli qırğını başlandı. Fələstin torpaqlarının sonrakı işğalından sonra səlibçilər Bizans imperatorunun arzusuna məhəl qoymayıb, özlərinin Yerusəlim də daxil olmaqla, dörd Səlib dövlətini yaratdılar. Bu dövlətlər müsəlmanlar tərəfindən əhatə olunmuşdu və onlar italyan kommersiya şəhərləri tərəfindən həyata keçirilən təchizatdan asılı idilər. Bundan da italyan şəhərləri xeyli varlanırdılar.

II Səlib yürüşü 1120-ci ildə başlanmazdan əvvəl, müsəlmanlar dörd latın dövlətindən birincisi olan Edessanı tutdular. Bu, yeni Səlib yürüşünün meydana çıxmasına səbəb oldu. Fransa kralı VII Lui və Müqəddəs Roma imperatoru, almaniyalı III Konrad da cəngavərlərin siyahısına daxil edilmişdi. Lakin II Səlib yürüşü bütünlüklə uğursuzluqla nəticələndi.

III Səlib yürüşünün səbəbi 1187-ci ildə Müqəddəs şəhər Yerusəlimin Suriya və Misir hökmdarı Səlahəddinin başçılığı altında olan müsəlman qüvvələrinin əlinə keçməsi idi. Bu vaxt bütün xristian dünyası Orta Şərqə yeni Səlib yürüşünə qoşulmağa borclu idi, axı Müqəddəs şəhər əldən getmişdi. Başlıca monarxlar yeni Səlib qüvvələrinə şəxsən özlərinin başçılıq etməli olduqları barədəki təkliflə razılaşdılar. Bunlar Müqəddəs Roma imperatoru, almaniyalı Fridrix Barbarossa (1152-1190-cı illər), İngiltərə kralı I Riçard Şir ürəkli (1189-1199-cu illər), Fransa kralı II Filipp Avqust (1180-1225-ci illər) idilər.

Səlibçilərin bir hissəsi nəhayət 1189-cu ildə Orta Şərqə gəlib çıxdılar. Barbarossa oradakı çayda çiməndə batıb öldü və onun ordusu tezliklə digər qüvvələrdən ayrıldı. İngilis və fransız monarxları dənizlə gəlirdilər və sahil şəhərlərində yaxşı qarşılandılar, onlara donanmaları kömək edirdi. Lakin sahildə hərəkət etdikdə, onlar da bədbəxtliklərlə üzləşdilər. Buna görə də Filipp vətənə döndü, Riçard isə razılaşma üçün Səlahəddinlə danışıqlar apardı. Səlahəddin xristian zəvvarlarının Yerusəlimə gəlmələrinə razılıq vermək barədəki təklifə etiraz etmədi.

Səlahəddinin 1193-cü ildəki ölümündən sonra, papa II İnnokenti IV Səlib yürüşünə təşəbbüs göstərdi. Müqəddəs torpağa gedən yolda Səlib ordusu Bizans taxt-tacının ötürülməsi barədəki mübahisələrə də qoşuldu. Bu yürüşdən Venetsiya, xüsusən şəhərin ahıl yaşlı doju Dandolo, özlərinin böyük rəqibini neytrallaşdırmaq üçün əla imkana yiyələndi. Konstantinopola çatan səlibçilər 1204-cü ildə şəhəri qarət etdilər və burada özlərinin Latın respublikasını yaratdılar. Bizans imperatoru Trapezundda sığınacaq tapa bildi. Yalnız 1261-ci ildə Bizans ordusu yenidən Konstantinopolu ələ keçirdi. Paytaxt xilas olsa da, Bizans artıq böyük Aralıq dənizi hakimiyyəti ola bilmədi. Bərpa edilən imperiya yalnız Konstantinopoldan və onun ətrafındakı ərazilərdən, həm də Kiçik Asiya torpaqlarından ibarət idi. 1453-cü ildə, 190 il sonra zəifləmiş Bizans paytaxtını Osmanlı sultanı II Mehmet Fateh işğal etməklə, imperiyanın da mövcudluğuna birdəfəlik son qoydu. XX əsrdə Osmanlı imperiyasının özü də I Dünya müharibəsində məğlub olduğundan, tarixin arxivinə getməli oldu.

Çox saydakı uğursuzluqlarına baxmayaraq, Səlib idealı bütünlüklə yoxa çıxmadı. Sonrakı yürüşlərdə Müqəddəs Torpağı bu dəfə güclü Misir dövlətindən almağa cəhd edildi. Yalnız alman imperatoru II Fridrix VI Səlib yürüşünə başçılıq edərək, papanın heç bir dəstəyi olmadan 1228-ci ildə Yerusəlimə girib, şəhərin kralı tacını qəbul etdi. O, buna Misir sultanının razılığı ilə nail olmuşdu, Müqəddəs şəhəri döyüşsüz ələ keçirmişdi.

Fridrix şəhəri tərk etdikdən sonra, türk qrupunun Misir sultanı ilə ittifaqa girməsi nəticəsində, şəhər yenidən müsəlmanların əlinə keçdi. VII və VIII Səlib yürüşləri də uğursuzluğa uğramalı oldu. Orta Şərqdəki son xristian şəhəri olan Akre 1291-ci ildə təslim oldu. Səlibçilərin xristian Qərbi tərəfindən Müqəddəs Torpağı tutmaq kimi vacib məqsədi bütünlüklə şərəfsizliklə nəticələndi.

Əgər Böyük Aleksandr Asiya ilə Avropanı, Şərqlə Qərbi birləşdirməyi arzu edirdisə, Səlib yürüşləri iki qitə xalqları arasında düşmənçilik toxumu səpməsi ilə yaddaşlarda qaldı. Səlib yürüşləri sırf işğal məqsədləri güddüyünə görə yeni imperiya yaratmaq niyyətinə xidmət edirdi. Xristian dini Allahın vəsiyyətlərinə zidd olaraq, insanları sülhə, qardaşlığa çağırmaq əvəzinə, uydurulmuş şüar altında müsəlman və iudey dünyasına zərbə vurmağa yönəlmişdi, lakin nəticə etibarilə heç nəyə nail ola bilmədi.

Səlib yürüşləri xristianların dünya ağalığına sahib olmaq kimi eybəcər niyyəti güddüyünə görə, min il sonra da Şərq xalqları tərəfindən lənətlə yad edilir, çünki səlibçilər çoxlu qan axıtmışdılar, vətənə yazdıqları məktubda atlarını dizə qədər müsəlmanların qanında çapdıqları ilə öyünürdülər. Belə vəhşilik isə heç vaxt unudulmur. Bu vaxt Bibliyanın "Qılıncı döyüb kotana çevirək" çağırışı da artıq bütünlüklə unudulmuşdu.

İki qütb yaxınlaşmaq, bir-birini qəbul etmək əvəzinə, Səlib yürüşləri vaxtı iki mədəniyyət arasındakı dəyişikliklər artdı, daha da yadlaşma meydana gəldi. Lakin xristian dünyası müəyyən fayda da götürə bildi. Xristian Avropası Şərqdə, Müqəddəs Torpaqda müsəlman dünyası ilə mübarizədə deyil, İspaniyada və Siciliyada nifrət bəslədiyi dinə qarşı uğur qazandı. Səlib yürüşləri Avropa cəmiyyətində stabilliyin bərpasına köməklik göstərdi, Qərb maraqları əvvəlkindən daha yaxşı şəkildə öz nəzarətini qurmağı bacardı. Səlib yürüşləri iqtisadi inkişafa də şərait yaratdı, İtaliyanın liman şəhərləri xeyli varlandı. Yürüşlər ticarətin canlanmasına da köməklik göstərdi. Səlib yürüşləri sonrakı nəsillərə də öz təsirini göstərdi, yəhudilərə qarşı hücum, basqınlar bu vaxt daha da genişlənmişdi. Beləliklə, yəhudi qırğınları Orta Əsrlər Avropası həyatının ardıcıl bir xüsusiyyətinə çevrildi. Səlib yürüşlərinin "effekti" əsasən bundan ibarət idi.

Həm də bu yürüşlər Avropada dini entuziazm dalğasının qalxmasının nəticəsi idi. Səlib yürüşləri Roma ali kilsəsinin canlanmasına səbəb oldu və onun Avropa cəmiyyətinə təsiri artdı. Səlib yürüşləri guya Allah naminə yönəlmiş bir hərəkatın və həm də müharibənin hiyləgər bir qarışığından ibarət idi.

Müsəlman dünyasında isə parçalanma, onun inkişafına olduqca mənfi təsir göstərirdi. X əsrin ortalarında Bağdaddakı Abbasi xəlifələrinin başçılıq etdiyi İslam imperiyası artıq hissələrə bölünmüşdü, Fatimilər kimi tanınan şiə sülaləsinin başçılığı altında  Abbasilərə qarşı qüvvələr birləşmişdi. Onların mənşəyi Şimali Afrikada idi, Misiri işğal etmiş və paytaxt kimi yeni Qahirə şəhərini salmışdılar. Şiə xilafətini qurmaqla onlar Bağdaddakı Sünnü xilafətinin rəqiblərinə çevrilmişdilər və bu yolla İslam dünyasını parçalamışdılar.

Yeni yaranan Fatimi sülaləsi inkişaf edirdi və İslamın dinamik mərkəzi kimi Abbasi xilafətini üstələyirdi. Onlar güclü ordu yaratmışdılar və buna yerli olmayan xalqların nümayəndələri kimi muzdluları da cəlb etmişdilər. Bu muzdlulardan biri Səlcuq türkləri idi və onlar həm də tezliklə Fatimilərin özlərinə bir təhlükə kimi meydana çıxdılar.

Səlcuq türkləri nomad (çoban) bir xalq olmaqla, Mərkəzi Asiyadan çıxmışdılar və İslam dininə keçməklə, Abbasi xilafətinə hərbi muzdlular kimi xidmət edirdilər. Onların adlarının çoxuna Allahın və müqəddəslərin "qulu" sözü əlavə olunurdu və belə adlar yalnız türklərə mənsub idi.

Əlbəttə, islamı qəbul edən ərəblər müqəddəslərə sitayiş əlaməti olaraq, Allahın qulu mənasını verən Əbd ür-rəhman kimi adlardan istifadə edirdilər. "Əbd" ərəb dilindən tərcümədə "qul", "kölə" deməkdir. Əndəlusdəki Əməvi hökmdarları (xəlifələri) məhz bu adı daşıyırdılar. Səlcuq türkləri isə Mərkəzi Asiyadan gəlmiş və muzdlu əsgərliyə götürülmüş adamlar idi və onlar ərəblərlə müqayisədə ilk dövrlərdə ictimai rəydə qul kimi qəbul edilirdilər. Sonra onlar hərbi xadimlər kimi yüksəldilər və hakimiyyəti ələ keçirməyə də qadir oldular. Artıq onlar özlərini qul hesab etmirdilər, kübarlara çevrilmişdilər. Ona görə də, türklər sonralar belə adlardan imtina etdilər, ona görə də nə Osmanlı imperiyasında, nə də  müasir Türkiyədə həmin adlara rast gəlinir.

Azərbaycanda isə, qəribə də olsa, bu ənənə, sədaqət nümunəsi kimi davam etdirilmişdir, bundan əvvəlki iki-üç nəsildə Əliqulu,  İmamqulu, Həsənqulu, Hüseynqulu, Rzaqulu və digər bu qəbildən olan adlar dəbdə idi. Özü də əsasən şiələrin imamlarının qulu sözündən ibarət olan adlara üstünlük verilirdi. Ona görə də sünnilərdə bu adlar tətbiq edilmədi. Yaxşı məlumdur ki, şiə məzhəbində daim fanatizm güclü olmuşdur, İranda monarxiyanın ləğvindən sonra azadlıqları xeyli məhdudlaşdıran teokratik dövlətin meydana gəlməsi də buna parlaq sübutdur. Əsasən sünnilərin dövləti olan Səudiyyə Ərəbistanıdakı monarxiya da güclü din faktoruna əsaslanır, buna həm də İslamın müqəddəs şəhərlərinin orada yerləşməsi və Həcc ziyarətləri də az təsir göstərmir.

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
60
525.az

1Mənbələr