AZ

"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov

"Zirə" ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Turan Tovuz"u məğlub etdi - 2:0.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Hər zaman kubokun ilk oyunlarında taktiki savaş gedir. Birinci hissədə bunun şahidi olduq. Rəqibin çoxsaylı standart vəziyyətləri var idi. Hamımız bilirik ki, "Turan Tovuz" standart vəziyyətlərdə ən təhlükəli komandalardan biridi. İkinci hissədə sürəti bir az artırdıq. Bizim üçün olduqca vacib olan qələbə qazandıq. Hələ birinci hissəni oynadıq. Bizi qarşıda vacib ikinci yarı gözləyir.

- Cütün taleyinin həll olunduğunu demək olar?
- Qətiyyən! Rəqibin fərqlənmək üçün çoxlu "silahları" var. Hansı hesab qeydə alınsa, eyni fikirdə olacaqdım. Tez zamanda çempionat oyununa köklənməliyik.

- Mövsüm ərzində zədələr olmasaydı "Zirə"nin nəticələri fərqli ola bilərdi?
- Zədə və cəza baxımından ən çox problem yaşayan komandalardanıq. Bəzən elə olur ki, tam heyətlə çıxıb nəticə əldə etmək olmur. Hamının formada olması bizə üstünlük verir.

- Anje Mutsinzinin start heyətində olmamasının səbəbi nədi?
- Uzun səfərdən gəlib. Sabah ona yüngül məşq verib sonra birgünlük istirahət verəcəyik.

- Daha böyük büdcə ilə daha böyük işlər görə bilərsiz? "Zirə"də qalmaqla sanki böyük uğurlar əldə etmək çətin görünür...
- "Zirə"də xoşbəxtəm. Rəhbərlik mənə hər zaman şərait yaradıb. Onlara təşəkkür edirəm. Yüksək liqada təcrübəm olmadığı halda mənə güvəndilər. Bütün məşqçilər daha böyük büdcə, yaxşı şərait istəyər. Amma büdcə hər şey deyil. Elə ola bilər ki, böyük büdcə ilə heç ilk "5-liy"ə düşə bilmərəm. Futbolun hər cür tərəfi var. Bu gün şükür edirəm ki, "Zirə"nin baş məşqçisiyəm. Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Növbəti oyunlarda Leroy Mikelsi start heyətində oynatmağı düşünürsüz?
- Mikels son vaxtlarda zədə aldı. Qış fasiləsindən sonra yaxşı formaya düşürdü. "Kəpəz"lə matça start heyətində başladı. Mikelsi oynatmaq istəyirəm. Qarşıdakı oyunlarda start heyətində başlamaq ehtimalı yüksəkdi. Sadəcə olaraq hücum xəttində rəqabət var.

- Finalda rəqibin kim olmasını istəyərdiz?
- Bu suala cavab vermək istəmirəm. Hazırda cavab oyununda "Turan Tovuz"un qarşısını necə alacağımızı fikirləşirəm. Bu gün hesab 3:0 olsaydı da mən rahat olmayacaqdım. "Turan Tovuz"un hücum potensialı fərqlidi. Rəqibi nəzərə alsaq, finala çıxdığımızı düşünmürəm.

Seçilən
14
9
football-plus.az

10Mənbələr