Stalin dövründə ağır cəzanı haqq edən qəddar vəzifəli şəxslər çox olub. Onlar amansız və xain olduqları üçün deyil, çox şey bildikləri və hakimiyyətin zirvəsinə çox yaxın olduqları üçün məhv ediliblər. Lev Vlodzimirski məhz belə bir kadr olub.
O, 1905-ci ildə Barnaulda dəmir yolu işçisinin ailəsində dünyaya göz açıb. Uşaqlığını köçhaköç rejimində keçirib və təhsili ardıcıl olmayıb. O, üç il kommersiya məktəbində, sonra kurslarda, partiya məktəbində oxuyub. Vlodzmirskinin xüsusilə diqqətəlayiq bir məziyyəti olmayıb. Lakin o, o dövrdəki kadr çatışmazlığı sayəsində SSRİ Xalq Komissarları Soveti yanında Birləşmiş Dövlət Siyasi İdarəsi sistemində, daha sonra isə SSRİ Xalq Daxili İşlər Komissarlığında işə düzəlib. İtaətkar, sərt və tərəddüdsüz adam olduğundan belələrinə vəzifə verilib.

Onun əsl yüksəlişi Lavrenti Beriyanın gəlişi ilə başlayıb. Vlodzimirski özünü ən həssas işlərlə məşğul olanların çevrəsinə salıb. Müharibənin əvvəlində o, artıq SSRİ Dövlət Təhlükəsizliyi Xalq Komissarlığının istintaq bölməsinin rəhbəri olub. Bu, demək olar ki, heç kimin görmədiyi materiallara çıxış demək idi.
XDİK (NKVD) rəhbəri Nikolay Yejov və onun xələfi Beriya Vlodzmirskini istənilən ifadəni almaq qabiliyyətinə görə qiymətləndiriblər, lakin məhbuslar ondan nifrət ediblər. Məhbuslar sərt görünüşünə və gur səsinə görə Vlodzimirskiyə “Daş qonaq” ləqəbini veriblər. Ondan qorxub və nifrət edib, ona yalnız bir şey arzulayıblar - ölüm. Lakin Lev Yemelyanoviç tikanlı məftilin o biri tərəfində özünü əsl kral kimi hiss edib. O, əmrləri dərhal yerinə yetirib, yöndəmsiz suallar verməyib.
Beriyanın əmri ilə 1939-cu ildə Vlodzimirski Çindəki sovet elçisi Bovkun-Luqaneti və həyat yoldaşını öldürüb. Daha sonra o, marşal Qriqori Kulikin (1950-ci ildə edam edilib) həyat yoldaşı Kira Simoniç-Kulikin həyatına qəsd edib. Kira İvanovna əvvəlcə qaçırılıb və həbsxanaya göndərilib. Yalnız bir neçə ay sonra o, edam edilib. Marşalın özü həyat yoldaşının faciəli taleyindən xəbərsiz olub.

Vlodzimirski sovet hərbi hava qüvvələri rəhbərliyinin təmizlənməsi zamanı da əsas rol oynayıb. O, Pavel Rıçaqov, Yakov Smuşkeviç, Aleksandr Loktionov və başqalarından lazımi etirafları almaq üçün uzun və “çox çalışıb”. Şahidlər xatırlayırlar ki, Vlodzimirski və onun komandası kişiləri vəhşicəsinə döyüb işgəncə veriblər. Onlar həmçinin Sovet İttifaqı qəhrəmanlarını (Smuşkeviç iki dəfə qəhrəman olub) və generalları lağa qoyublar. Lakin Rıçaqovun özünü sındırmaq mümkün olmayıb. Dəhşətli işgəncələrə baxmayaraq, o, heç vaxt casus olduğunu etiraf etməyib. Hərbçilər günahkar olduqlarına dair heç bir dəlil olmasa da, edam ediliblər.
Vlodzimirskinin imzası insanların, o cümlədən çox yüksək vəzifəli məmurların taleyini müəyyən edən fərmanlarda olub. Belə hallardan biri də “Dördüncü reyx” işi olub. Görkəmli sovet liderlərinin bir qrupun oğulları nasist iyerarxiyasını təkrarlayan təhlükəli oyunlar oynayıblar. Texniki cəhətdən bu, siyasi cinayət kimi görünüb. O dövrün şəraitini nəzərə alsaq, nəticələr dəhşətli ola bilərdi. Lakin istintaq nisbətən yumşaq şəkildə başa çatıb. İştirakçıların əksəriyyəti sadəcə Moskvadan qovulub.

Bu, nadir hallarda baş verən hadisə olub və Vlodzimirskinin icazə verilən şeylərin həddini hiss etmək qabiliyyətini nümayiş etdirib. Bioqrafiyasında ən səs-küylü epizod Vasili Stalinin həbsi olub.
1953-cü ilin aprelində, atasının ölümündən sonra, keçmiş liderin oğlunun həbs orderini Vlodzimirski imzalayıb. Formal olaraq, bu, adi bir istintaq hərəkəti olsa da, bu qərar onun sonuncu qərarı olub. Bir neçə ay sonra Beriyanın özü də həbs olunub. Dərhal Vlodzimirski vəzifəsindən uzaqlaşdırılıb, həbs edilib və “Beriya dəstəsi”nə daxil edilib. O, 1953-cü ildə bütün rütbələrindən və mükafatlarından məhrum edilib, daha sonra isə edam olunub.
Onilliklər sonra, 1990-cı illərin sonlarında iş yenidən araşdırılıb. Rusiya Federasiyasının Ali Məhkəməsi ona casusluq və əksinqilabi fəaliyyət ittihamlarından bəraət qazandırıb. Lakin vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı qüvvədə qalıb və Vlodzmirski tam reabilitasiya edilməyib.
Maraqlıdır ki, o, özü istintaq etdiyi, “torba tikdiyi” adamlara hansı ittihamları irəli sürmüşdüsə, özünü də həmin ittihamlarla məhv ediblər.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün