AZ

Dilimizə sahib çıxmaq: milli kimliyimizi qorumaq...

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Şəhla ASLAN

Prezident İlham Əliyev: "Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün rəmzidir" - deməklə Ana dilimizlə bağlı mövzuda düşüncələri tam dəqiq biçimdə və təsirli şəkildə ümumiləşdirərək ifadə edib. Həqiqətən də, Azərbaycan dili sadəcə danışdığımız dil deyil. Bu dil bizim kimliyimizdir, yaddaşımızdır, tariximizdir. Xalq olaraq keçdiyimiz yolun, yaşatdığımız dəyərlərin, qoruduğumuz milli ruhun ən canlı daşıyıcısı məhz ana dilimizdir.

Ona görə də dil məsələsi heç vaxt yalnız söz və ifadə məsələsi olmayıb. Bu, birbaşa milli varlıq, mənəvi bütövlük və dövlətçilik məsələsidir.

Müstəqillik illərində Azərbaycan dilinin cəmiyyətdə və dövlət həyatında yeri daha da möhkəmlənib. Ana dilimiz dövlət dili kimi hüquqi statusunu möhkəmləndirməklə yanaşı, milli özünüdərkin, ictimai şüurun və dövlətçilik təfəkkürünün aparıcı sütunlarından birinə çevrilib. Bu gün Azərbaycan dilinə sahib çıxmaq təkcə dilə yox, milli kimliyə, tarixi yaddaşa və müstəqil dövlətçiliyimizə sahib çıxmaq deməkdir.

Artıq ana dilinə münasibət yalnız hüquqi status məsələsi deyil. Azərbaycan dili bu gün milli ideologiyanın, mədəni təhlükəsizliyin və ictimai özünüdərk prosesinin aparıcı elementlərindən biri kimi qəbul olunur. Onun qorunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

Azərbaycan dilinin qorunması və dövlət dili kimi mövqeyinin möhkəmlənməsində Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri xüsusi yer tutur. O, ana dilini milli varlığın və dövlətçiliyin əsas sütunlarından biri kimi dəyərləndirir, bu məsələyə strateji dövlətçilik mövqeyindən yanaşırdı. 1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması da məhz bu siyasi iradənin ən mühüm ifadələrindən biri oldu.

Ulu öndərin müəyyənləşdirdiyi bu xətt bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə, uğurla davam etdirilir. Dövlət başçısının həm AMEA-nın 80 illik yubileyindəki çıxışında, həm də yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycan dilinin qorunması məsələsini xüsusi vurğulaması bunun bariz nümunəsidir. Prezident İlham Əliyev dil məsələsinə yalnız mədəni deyil, milli təhlükəsizlik və dövlətçilik prizmasından yanaşır.

Xüsusilə Azərbaycan dilinə yad sözlərin nəzarətsiz şəkildə daxil olması ilə bağlı səsləndirilən fikirlər bu məsələyə dövlət səviyyəsində verilən həssas münasibəti açıq göstərir. Bu yanaşma bir daha təsdiqləyir ki, ana dilinin saflığını qorumaq milli kimliyi, mənəvi bütövlüyü və dövlətçilik şüurunu qorumaq deməkdir.

Məsələ ondadır ki, xarici sözlərin nəzarətsiz və düşünülməmiş şəkildə dilə daxil olması bəzən "zənginləşmə" kimi təqdim edilsə də, əslində bu proses milli kimliyi damcı-damcı sarsıdan bir təhlükəyə çevrilə bilər. Dilin saflığı pozulduqca milli yaddaşın bütövlüyü, milli kimliyin ifadə imkanları və dövlətçilik şüuru da zədələnməyə başlayır.

Prezident İlham Əliyev Azərbaycan dilini dünyada yaşayan milyonlarla azərbaycanlını birləşdirən ortaq mənəvi dəyər kimi dəyərləndirir. Xüsusilə xaricdə yaşayan soydaşlarımızın ana dilini yalnız məişət səviyyəsində deyil, ədəbi norma və milli düşüncə səviyyəsində mənimsəməsi bu siyasətin mühüm hədəflərindən biridir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, milli bağlılığın, vətənlə mənəvi əlaqənin və kimlik şüurunun əsas körpüsüdür.

Bu baxımdan Azərbaycan dilinin qorunması təkcə dilçi alimlərin və mütəxəssislərin işi deyil. Bu, bütövlükdə cəmiyyətin mənəvi məsuliyyətidir. Xüsusilə media nümayəndələrinin, ziyalıların, müəllimlərin, elm adamlarının üzərinə daha böyük vəzifə düşür. Çünki efir məkanı, mətbuat, sosial media və ictimai fikir mühiti dilin həm sınağa çəkildiyi, həm də nümunə formalaşdırdığı əsas platformalardır. Cəmiyyət necə danışırsa, gələcək nəsil də o şəkildə düşünür.

Bu gün Azərbaycan dilinə göstərilən dövlət qayğısı və prinsipial münasibət bir daha təsdiqləyir ki, ana dilini qorumaq milli kimliyi qorumaq deməkdir. Ana dilini qorumaq dövlətçiliyi, milli yaddaşı, mənəvi bütövlüyü və gələcəyi qorumaq deməkdir.

Azərbaycan dilinə dövlət səviyyəsində göstərilən münasibət milli ziyalı düşüncəsində, mətbuatda, elm mühitində və ictimai mövqedə sözə çevrildikcə daha böyük mənəvi gücə çevrilir. Çünki dilin taleyi təkcə qanunlarla deyil, həm də cəmiyyətin gündəlik davranışı, sözə münasibəti və milli məsuliyyət hissi ilə müəyyən olunur.

Bu gün elm adamları olaraq üzərimizə düşən vəzifə aydındır: Azərbaycan dilini düzgün işlətmək, onu yad təsirlərdən qorumaq, elmi və ictimai mühitdə nüfuzunu artırmaq, gələcək nəsillərə saf və zəngin şəkildə ötürmək. Çünki ana dilimiz yalnız bu günümüzün deyil, sabahımızın da taleyidir.

Azərbaycan dili xalqımızın milli kimliyinin, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün ən etibarlı dayağıdır. Bu dayağı qorumaq isə hər birimizin həm vətəndaşlıq borcu, həm də milli-mənəvi missiyasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
525.az

1Mənbələr