AZ

Qadağa var, amma istisna da var: hansı siqaretlər cərimədən kənarda qalır?


Məlum olduğu kimi, 2026-cı ilin aprelin 1-dən etibarən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, satış məqsədilə saxlanılması və istifadəsi qadağan olunur. Bununla əlaqədar müvafiq cərimələr də müəyyənləşib. Milli Məclis İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini də üçüncü oxunuşda qəbul edib. Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək. Bundan əlavə, elektron siqaretlərdən ictimai yerlərdə istifadə edənlər 30 manat cərimə ediləcəklər.

Bəs elektron siqaretlərə tətbiq edilən qadağa alışdırılmadan nəfəsə çəkilən IQOS kimi digər nikotin və tütün məhsullarına da şamil edilirmi?

486077.jpg

“Azad İstehlakçılar “İctimai Birliyinin sədri Eyyib Hüseynov Musavat.com-a mövzu ilə bağlı deyib ki, qanunda olan son dəyişikliyə görə 2026-cı ilin 1 aprel tarixindən elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Qeyd etdiyimiz kimi bununla bağlı "Tütün və tütün məmulatı haqqında" qanuna müvafiq dəyişiklik edilib. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə otuz manat məbləğində cərimə əlavə olunub.

“Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) qadağanın konkret olaraq hansı məhsullara şamil edildiyi barədə çox sayda müraciətlər və suallar ünvanlanır, bəzən cəriməni tətbiq etməyə səlahiyyəti olan qurumların da bu məsələdə yanlışlığa yol verdiyi barədə müraciətlər olur.

AİİB ölkəmizdə müvafiq qanun qəbul edildiyi zamandan başlayaraq istehlakçılar arasında tütündən istifadənin azaldılmasına dair geniş maarifləndirmə işi aparıb, daha təhlükəli filtrsiz siqaret istehsal edən 4 müəssisənin fəaliyyətinin dayandırılmasına nail olub, adi və elektron siqaretlərin zərərli olduğu barədə müntəzəm maarifləndirmə aparıb.

Qanunda edilmiş son dəyişikliklə əlaqədar tütün istifadəçisi olan istehlakçılar və qanunun icrasına nəzarəti həyata keçirən müvafiq dövlət qurumlarının nümayəndələri bilməlidirlər ki, qadağa yalnız elektron siqaretlərə aiddir və qızdırılan tütün məmulatlarına şamil olunmur. Bu məhsullar qanunvericilikdə iki ayrı kateqoriya kimi müəyyən edilib.

"Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanuna elektron siqaretləri qızdırılan tütün məmulatlarından ayırmaq məqsədilə iki maddə əlavə olunub: 1.0.4-1. qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir.

1.0.4-2. elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər. Bir sözlə, elektron siqaret qadağası qızdırılan tütün məmulatlarına (məsələn, Terea) və onların cihazlarına (məsələn, IQOS) şamil olunmur”.

Eyyub Hüseynov onu da əlavə edib ki, AİİB-ə qızdırılan tütün məmulatlarının "Tütün və tütün məmulatı haqqında" qanunla qadağan olunmayan yerlərdə istifadəsinə görə polis tərəfindən cərimə olunma halları ilə bağlı da məlumatlar daxil olub: “Qeyd olunur ki, qızdırılan tütün məmulatları səhvən elektron siqaret hesab edilir və onun istifadəçiləri cərimə olunurlar. Biz bununla bağlı bəyanat da yaydıq, qızdırılan tütün məmulatlarından qanunla qadağan olunmamış yerlərdə istifadə heç bir hüquqi məsuliyyət yaratmır”.
Qeyd edək ki, Milli Məclisdə müzakirəyə çıxarılmış “Tütün və tütün məmulatı haqqında” Qanunda elektron siqaret anlayışına aydınlıq gətirilib.

Qanuna elektron siqaretlə qızdırılan tütün məmulatı anlayışını bir-birindən ayıran müddəaların əlavə olunması təklif edilib. Müddəalara əsasən: “Qızdırılan tütün məmulatı – “tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat”.

- Elektron siqaret – “qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul” anlamını ifadə edəcək. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək. Eyni zamanda Azərbaycanda nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı da qadağan edilir. Təkliflər Milli Məclisdə birinci oxunuşdan keçib.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
0
22
musavat.com

10Mənbələr