AZ

Azərbaycanın nəqliyyat və tranzit infrastrukturu yükdaşıma həcminin daha da artmasına imkan verir ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan ilə Mərkəzi Asiya respublikalarının Türk Dövlətləri Təşkilatında (TDT) bir araya gəlməsi onların iqtisadi və siyasi imkanlarını genişləndirir, ticarət və tranziti asanlaşdıraraq likvidliyini artır. TDT birləşən dövlətlər təkcə dini, mədəni, milli mənəvi dəyərlər baxımından yaxın dövlətlər deyil, bu dövlətləri müasir dünyanın iqtisadi sistemi də birləşdirir. Trans-Xəzər marşrutu (Orta Dəhliz) və onun davamı olan Zəngəzur dəhlizi təşkilata daxil olan türkdilli dövlətlərin ayrı-ayrılıqda deyil, birlikdə Avropa iqtisadiyyatına inteqrasiyasını təmin edir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova deyib.

Onun sözlərinə görə, Orta Dəhlizlə yükdaşımanın artım dinamikasına nəzər saldıqda Mərkəzi Asiya ilə Avropa arasında ticarətin inkişafını görmək mümkündür.

“Son dövrdə Orta Dəhliz Avrasiyanın nəqliyyat xəritəsində ən perspektivli, təhlükəsiz və etibarlı bağlantı xətlərindən birinə çevrilməkdədir. Orta Dəhliz üzrə tranzit daşımalar davamlı olaraq artmaqdadır. 2025-ci ildə bu artım 11 faizə yaxın təşkil edib və dəhlizlə 5 milyon ton yük daşınıb. Azərbaycanın nəqliyyat və tranzit infrastrukturu yükdaşıma həcminin daha da artmasına imkan verir. Zəngəzur dəhlizinin əhəmiyyəti isə ondan ibarətdir ki, Mərkəzi Asiya və Çindən Azərbaycana daxil olan yüklər Bakı-Tbilisi-Qars dəmir yolu ilə Qara dənizin sahillərindəki limanlara, oradan isə Şərqi Avropaya daşınır. Bu marşrutla daşınan konteynerlər qatardan gəmilərə sonra bir daha gəmilərdən qatarlara yüklənərək təyinat yerinə çatdırılır. Çindən Avropaya daşınan konteyner qatarları Xəzəri keçib Zəngəzur dəhlizi vasitəsi ilə Türkiyəyə, oradan da birbaşa Şərqi Avropaya təkrar yükaşırımı olmadan gedəcək ki, bununla da vaxta və nəqliyyat xərclərinə qənaət edilmiş olacaq”, - deyə ekspert əlavə edib.

Mehriban İmanova nəzərə çatdırıb ki, TDT üzvləri daha sıx inteqrasiya proseslərinə başlamalı və əməkdaşlıq əlaqələrini qarşılıqlı, faydalı məcrada davam etdirməlidirlər: “Müasir dövrdə dünya iqtisadiyyatı müharibələr və hərbi əməliyyatların zərərli təsirlərinə məruz qalır və belə bir zamanda tranzit yollar təhlükəli olur. Buna görə də Orta Dəhliz və onun davamı olan Zəngəzur dəhlizi TDT dövlətlərinin dəstəyi və sərmayəsi ilə daha da genişlənməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
azertag.az

2Mənbələr