AZ

Yeni dünya nizamı fonunda Türk dünyasının strateji imkanları genişlənir - ŞƏRH

Bakı, 3 aprel, AZƏRTAC

Qlobal güc mərkəzləri arasında rəqabətin artdığı, geosiyasi qarşıdurmaların dərinləşdiyi bir dövrdə Avrasiya məkanı, xüsusilə Türk dünyasının yerləşdiyi geniş coğrafiya strateji baxımdan ön plana çıxır. Türk dövlətlərinin yerləşdiyi coğrafiya yalnız enerji ehtiyatları ilə deyil, həm də qlobal nəqliyyat və ticarət arteriyalarının kəsişmə nöqtəsində yerləşməsi ilə fərqlənir. Bu baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta Dəhliz artıq regional layihə olmaqdan çıxaraq qlobal əhəmiyyətli strateji platformaya çevrilməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu bildirib.

Onun sözlərinə görə, İran ətrafında baş verən hadisələr fonunda ənənəvi ticarət yollarında risklərin artması alternativ marşrutlara tələbatı yüksəldir. Bu isə Orta Dəhlizin əhəmiyyətini daha da artırır və Türk dövlətlərinə yeni iqtisadi imkanlar açır.

“Mövcud geosiyasi reallıqlar türk dövlətləri qarşısında həm ciddi risklər, həm də tarixi fürsətlər yaradır. Bu imkanların reallaşdırılması üçün isə koordinasiyalı siyasət, institusional əməkdaşlıq və ortaq strateji baxışın formalaşdırılması əsas şərtlərdəndir. Bu kontekstdə Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb edir. Dəhlizin istifadəyə verilməsi Azərbaycan ilə Türkiyə arasında birbaşa quru əlaqəsini təmin etməklə yanaşı, Orta Asiyadan Avropaya qədər uzanan vahid nəqliyyat xəttinin formalaşmasına imkan yaradacaq. Regionda dəmir yolu infrastrukturunun böyük hissəsinin tamamlanması, eləcə də Türkiyənin Qars bölgəsindən başlayaraq Orta Asiya istiqamətində həyata keçirdiyi layihələr Orta Dəhlizin effektivliyini artırır. Bu marşrutun rəqabət qabiliyyətinin yüksəlməsi qlobal ticarət zəncirlərinin yenidən formalaşdığı bir dövrdə xüsusi aktuallıq kəsb edir. Hazırda dünyada müşahidə olunan iqtisadi və siyasi böhranlar, xüsusilə enerji təhlükəsizliyi və logistika sahəsində yaranan problemlər yeni nəqliyyat marşrutlarının aktuallaşmasına səbəb olur. Bu mərhələdə əsas prioritetlərdən biri türk dövlətləri arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması, ortaq sənaye və logistika layihələrinin həyata keçirilməsidir. Ticarət dövriyyəsinin genişləndirilməsi və vahid bazar elementlərinin formalaşdırılması istiqamətində konkret addımlar atılmalıdır”, – deyə Telman Nüsrətoğlu bildirib.

Ekspert əlavə edib ki, təhlükəsizlik məsələləri də bu prosesdə xüsusi yer tutur. Regional sabitliyin qorunması, nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin edilməsi və geosiyasi risklərin minimuma endirilməsi Türk dövlətlərinin ortaq maraqlarına xidmət edir.

Azərbaycanın bu prosesdə oynadığı rola toxunan mərkəz sədri bildirib ki, ölkə həm coğrafi mövqeyi, həm zəngin enerji resursları, həm də həyata keçirdiyi balanslı və praqmatik xarici siyasət sayəsində Türk dünyasının əsas dayaqlarından birinə çevrilib: “Azərbaycan tarixən Türk dünyasının siyasi və ideoloji mərkəzlərindən biri olub. XX əsrin əvvəllərində Türk birliyi ideyalarının formalaşmasında mühüm rol oynayan Azərbaycan bu gün də həmin missiyanı müasir reallıqlara uyğun şəkildə davam etdirir. Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu, regional və qlobal layihələrdə aktiv iştirakı türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir. Eyni zamanda, ölkənin təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri Avrasiya məkanında yeni əməkdaşlıq platformalarının yaranmasına şərait yaradır. Bu gün Türk dünyası qarşısında duran əsas vəzifə mövcud geosiyasi dəyişiklikləri düzgün qiymətləndirərək onları strateji üstünlüyə çevirməkdir. Bunun üçün isə ortaq iradə, güclü siyasi koordinasiya və uzunmüddətli vizyon tələb olunur”.

Müxbir-Vüqar Qurbanoğlu

Seçilən
40
1
azertag.az

2Mənbələr