AZ

Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunub | FOTOLAR


Bu əlamətdar tarixlə əlaqədar DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra DTX-nin şəxsi heyəti tərəfindən Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin və Azərbaycanın Milli Qəhrəmanları olan təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarları ziyarət edilmiş, “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoyulmuşdur.



DTX-nin əməkdaşları və veteranlarının iştirakı ilə Xidmətin akt zalında keçirilmiş tədbirdə şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra Xidmət rəisi Əli Nağıyev çıxış edərək, təhlükəsizlik orqanlarının yaranma tarixi və təşəkkülü prosesindən, Ulu Öndərin həm bu təsisatda rəhbər vəzifələrdə çalışdığı zamanlarda, həm də müstəqillik qazanıldıqdan sonra təhlükəsizlik təşkilatının inkişafı üçün göstərdiyi misilsiz və əvəzsiz xidmətlərdən, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında və birbaşa dəstəyi ilə Azərbaycanın müasir çağırışlara adekvat cavab verə bilən xüsusi xidmət orqanlarının formalaşmasından ətraflı söhbət açmış, təhlükəsizliyin etibarlı təmin olunması üçün bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını demişdir.


- Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycana qarşı yönəlmiş təhdid və təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün, konstitusiya quruluşunun möhkəmləndirilməsi, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq əməllərinin qarşısının alınması, terrorçuluğa qarşı mübarizə və dövlət sirrinin mühafizəsi istiqamətində səmərəli fəaliyyət göstərir. Biz Vətən sevgisini, dövlətçilik prinsiplərini Ulu Öndərin əbədiyaşar irsindən öyrənirik. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti Heydər Əliyev kimi dahi şəxsiyyətin yaratdığı və milli ənənələrə söykənən möhtəşəm peşəkarlıq məktəbinin yetirməsi olmaqdan qürur duyur,- Əli Nağıyev bildirib.

Dünyanın bir çox yerlərində hərbi qarşıdurmaların, mürəkkəb geosiyasi vəziyyətin və iqtisadi təlatümlərin mövcudluğunun regionda əməliyyat şəraitinə ciddi təsir etdiyini vurğulayan general-polkovnik Əli Nağıyev ötən dövrdə xarici xüsusi xidmət orqanlarının və digər qüvvələrin ölkəmiz əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin qarşısının alınması istiqamətində DTX-nin gördüyü işlərdən və əldə olunmuş uğurlu nəticələrdən də danışmışdır. Xidmət rəisi həmçinin DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində ötən zaman ərzində qarşısı alınmış dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğa hazırlıq, terrorçuluğu maliyyələşdirmə, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qrup yaratma, hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, dövlət və ictimai xadimin həyatına sui-qəsd etmə və sair cinayət faktları barədə geniş məlumat vermişdir.

Xidmət rəisi deyib ki, artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyaya uğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha da gücləndirməyə sövq etmişdir: "Yeni iqtisadi reallıqlar beynəlxalq təhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regionda əməliyyat şəraitinə ciddi təsir göstərmişdir. Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılmış, Azərbaycan xalqı təhlükəsiz şəraitdə yaşamışdır. Ölkə Prezidentinin milli maraqların və dövlətçilik mənafelərinin etibarlı qorunmasında qətiyyətli və prinsipial mövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır”.

Daha sonra digər çıxış edənlər bu orqanların keçdiyi tarixi yoldan, Ulu Öndər Heydər Əliyevin xüsusi xidmət orqanlarımızın milliləşdirilməsi yönündə atdığı qətiyyətli və cəsarətli addımlardan, dahi rəhbərin təhlükəsizlik təşkilatındakı fəaliyyəti ilə bu orqanlarda peşəkarlıq məktəbinin əsasının qoyulmasından və bu məktəbin davamçıları olan DTX-nin əməkdaşlarının öz fəaliyyətlərini müasir zamanın tələblərinə uyğun şəkildə qurmasından bəhs etmişlər.


Çıxışlar bitdikdən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görülmüş DTX-nin əməkdaşlarının təltif edilməsi mərasimi keçirilmişdir.

Tədbir DTX-nin və “AnewZ” televiziya kanalının birgə layihəsi olan “Yolun yarısında” sənədli filminin nümayişi ilə başa çatmışdır.
Seçilən
26
41
azvision.az

10Mənbələr