AZ

Sosioloq: Gənclərdə şəhərin maddi-mədəni abidələrinə həssas münasibət formalaşdırılmalıdır

Sosioloq:
Nizami Kino Mərkəzinin divarına qrafiti rəsmlərin çəkilməsi cəmiyyət arasında böyük rezonans doğurub. Bununla bağlı sosial mediada kifayət müzakirə olunub, belə vandal hərəkətlər qınanılıb.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə həmin şəxslər saxlanılıb və nəzarət altına alınıblar. qrafit Məlumatda bildirilib ki, qrafiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır. Bəs görəsən mədəniyyət abidələrinin, tarixi obyektlərin üzərinə rəsmlər çəkməyin, ziyan vurmağın arxasında hansı məqamlar dayanır? Bəzi gənclərin belə vandal addımlar atmasına səbəb nədir? Məsələ ilə bağlı 1news.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, Azərbaycanda gənclər və yeniyetmələr arasında ictimai məsuliyyət və hüquqi biliklərin yetərincə formalaşmaması müəyyən problemlərə yol açır. Onun sözlərinə görə, Nizami Kino Mərkəzinin binasının üzərində vandal hərəkətlərin törədilməsi göstərir ki, cəmiyyətin bəzi fərdlərində, xüsusilə şəhər sakinləri, gənclər və yeniyetmələr arasında ictimai mədəniyyət, sosial məsuliyyət və hüquqi şüur tam mənimsənilməyib: “Bəzi hallarda gənclər hüquqi məsuliyyətin mahiyyətini dərk etmir və bu cür davranışların hüquqi nəticələr doğura biləcəyini anlamırlar. Orta məktəblərdə və ailələrdə tərbiyə işi daha düzgün qurulmalı, gənclərə sosial məsuliyyət və vətəndaşlıq dəyərləri daha effektiv şəkildə aşılanmalıdır”. Ü.Şəfiyev vurğulayıb ki, paytaxtın turistik şəhər olması bu məsələnin əhəmiyyətini daha da artırır: “Şəhərə gələn turistlər cəmiyyət haqqında təsəvvürlərini məhz bu davranışlar əsasında formalaşdırır. Qrafiti adı altında belə çirkin görüntülər, mədəniyyət abidələrinə zərər vuranlar başa düşməlidir ki, bu addım həm də şəhərimizə gələn turistlərdə mənfi təəssürat yaradır. Belə qrafitilər və mədəniyyət obyektlərinə vurulan zərər mədəniyyətimizə yad bir hərəkətdir. Bunu edən şəxslər cəzalandırılmalı və ciddi şəkildə qınanmalıdır. İctimai dəyərlərin təbliği, sosial məsuliyyətin artırılması və vətənpərvərlik hissinin gücləndirilməsi üçün bütün tərəflər birgə fəaliyyət göstərməlidir”. Sosioloq əlavə edib ki, cəmiyyət və aidiyyəti qurumlar korporativ sosial məsuliyyət çərçivəsində daha fəal olmalı, gənclərdə şəhərin maddi-mədəni abidələrinə həssas münasibət formalaşdırılmalıdır.

Onun sözlərinə görə, bu cür halların qarşısını almaq üçün həm maarifləndirmə tədbirləri genişləndirilməli, həm də müvafiq qurumlar öz məsuliyyətlərini daha effektiv şəkildə yerinə yetirməlidir.

Seçilən
26
1news.az

1Mənbələr