AZ

Azərbaycan Top-100 universitetlərinin reytinqində - İLK

Azərbaycanın 7 universiteti ilk dəfə olaraq, 22 proqramı əhatə edən QS Ən Yaxşı Dünya Universitetləri Reytinqində təmsil olunub. Bu o deməkdir ki, fənn reytinqində Azərbaycan universitetlərinin sayı təxminən iki, proqramların sayı isə dörd dəfə artıb. Bir Azərbaycan universiteti (Bakı Dövlət Universiteti) fənn reytinqində ilk 100-lüyə daxil olub.

Azərbaycan Qafqaz regionunda fənn reytinqində təmsil olunan yeganə ölkə olaraq qalır. Bundan əlavə, bu il universitetlərinin reytinqlərində faiz dəyişikliyi Türkiyə, Qazaxıstan və Özbəkistandan daha yüksəkdir. Üç Azərbaycan universiteti (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti) reytinqin hazırkı nəşrində göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə fənn reytinqinə qayıdıb. Ölkədəki üç universitet (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Mühəndisliyi Universiteti və Azərbaycan Texniki Universiteti) bu il fənn reytinqində debüt edir.

Fənn reytinqləri dünyanın 100 ölkəsində və ərazisindəki 1900 universitetdə 21 000-dən çox təhsil proqramının müstəqil müqayisəli təhlilidir və 55 fənni və 5 geniş fənn sahəsini əhatə edir. Reytinqlər beş meyara əsaslanır: akademik nüfuz, işəgötürənin nüfuzu, bir dərc üçün sitat sayı, h-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi.

Bəs bu nə dərəcədə yaxşı uğurdur?

Mövzu ilə bağlı Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Musavat.com-a danışıb.

Onun sözlərinə görə Azərbaycanın QS fənn reytinqlərindəki bu sıçrayışı akademik nöqteyi-nəzərdən institusional yetkinlik və qlobal inteqrasiya mərhələsi kimi qiymətləndirilməlidir:

“Bu uğurun geniş təhlilini bir neçə fundamental istiqamət üzrə qruplaşdıra bilərik. İlk növbədə elmi tədqiqatların keyfiyyəti və beynəlxalq görünürlük sahəsində son illərdə əldə olunan irəliləyişləri qeyd etmək lazımdır. QS metodologiyasının əsas sütunlarından olan h-indeks və bir dərc üçün sitat sayı göstəricilərindəki artım, yerli alimlərin tədqiqatlarının artıq lokal deyil, qlobal elmi mühitdə istinad edildiyini sübut edir. Xüsusilə Bakı Dövlət Universitetinin "neft mühəndisliyi" sahəsində dünya üzrə ilk 100-lüyə (51–100 diapazonu) daxil olması, universitetin spesifik sahələr üzrə dünya elmi mərkəzləri ilə rəqabətədavamlı olduğunu göstərir.

İkinci amil insan kapitalının rəqabət qabiliyyəti ilə bağlıdır. Belə ki, "işəgötürənin nüfuzu" meyarı üzrə əldə edilən irəliləyişlər ali təhsil proqramlarının müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmasının nəticəsidir. Azərbaycan Dillər Universitetinin "Müasir dillər" üzrə top 200-ə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "İqtisadiyyat və Ekonometrika" sahəsində mövqeyini qoruması təhsilin sahəvi dərinliyini artırdığını nümayiş etdirir.

Regional liderlik və strateji üstünlük, heç şübhəsiz ki, ölkə təhsili adına mühüm nailiyyət kimi dəyərləndirilməlidir. Cənubi Qafqazda fənn reytinqində təmsil olunan yeganə ölkə olmaq Azərbaycanın ali təhsil sektorunu regionun təhsil və akademik cazibə mərkəzinə çevirir. Türkiyə, Qazaxıstan və Özbəkistan kimi köklü təhsil sistemləri ilə müqayisədə daha yüksək inkişaf dinamikası nümayiş etdirmək, son illərdə ölkə rəhbərliyinin siyasi iradəsi ilə həyata keçirilən dövlət proqramlarının və beynəlxalq akkreditasiya proseslərinin effektivliyini təsdiqləyir”.

İlqar Orucov həmçinin növbəti məqam kimi akademik şaxələndirmənin (diversifikasiya) artıq real nəticələr verməsini vurğulayıb:

“Əgər əvvəlki illərdə Azərbaycan yalnız ənənəvi sahələrlə (məsələn, neft-qaz) tanınırdısa, cari reytinqdə 22 proqramın (riyaziyyat, hüquq, kompüter elmləri və s.) təmsil olunması təhsilin spektrinin genişləndiyini göstərir. Yeni debüt edən universitetlər (BMU, AzMİU, AzTU) texniki və mühəndislik istiqamətlərində keyfiyyətcə yeni bir mərhələnin başlandığını xəbər verir.

Yekun olaraq qeyd etmək olar ki, bu nəticələr Azərbaycan universitetlərinin artıq qlobal akademik inteqrasiyadan kənarda qalan qapalı strukturlar deyil, beynəlxalq akademik ekosistemin fəal iştirakçıları olduğunu nümayiş etdirir. Bu nailiyyət həm beynəlxalq qrantların cəlb edilməsi, həm də diplomların tanınması prosesləri üçün mühüm akademik arqument olmaqla yanaşı, həm də rəqəmlərə əsaslanan əsaslı elmi-statistik göstəricidir”.

Xalidə Gəray,
Musavat.com

Seçilən
4
2
musavat.com

10Mənbələr