AZ

Elektron siqaretlərə dair dövlət standartı ləğv edilib

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 941:2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartı ləğv edilib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, eləcə də “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə 30 dekabr 2025-ci il tarixli 338-VIIQD nömrəli Qanunun tətbiqi ilə bağlı elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi 1 aprel 2026-cı il tarixindən qadağan edilib.

Bununla əlaqədar olaraq, AZS 941:2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartının ləğvi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bazasında təsis edilən “Toxum-əkin materialları, tütün və tütün məmulatları, qeyri-ənənəvi qida məhsullarının yem bitkiləri” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 27) müzakirə edilib. Nəticədə, AZSTAND tərəfindən sözügedən dövlət standartı Standartlaşdırma üzrə normativ sənədlərin dövlət reyestrindən və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fondundan çıxarılıb.

 

Seçilən
10
24
azertag.az

10Mənbələr