“Jaguar Land Rover” və “Chery” şirkətlərinin tərəfdaşlığı ilə yaradılan “Freelander” brendi rəsmi olaraq təqdim edilib. Yeni brend elektrik və hibrid SUV modelləri təklif edən müstəqil avtomobil markası kimi fəaliyyət göstərəcək.
Bu addım “Jaguar Land Rover”in brend strategiyasında mühüm dəyişiklik kimi qiymətləndirilir. Belə ki, “Freelander” daha əlçatan seqmentə yönələcək, “Land Rover” və “Range Rover” isə premium mövqeyini daha da gücləndirəcək.
Yeni modellərin müasir dizayn, qabaqcıl sürücü yardım sistemləri və əlaqəli texnologiyalarla təchiz olunacağı gözlənilir. İlk modelin qoşula bilən hibrid (PHEV) olması ehtimal edilir.
“Freelander” brendinin ilk olaraq Çin bazarında təqdim olunacağı planlaşdırılır. Lakin gələcəkdə bu markanın Avropa da daxil olmaqla digər bazarlarda da yer alacağı gözlənilir.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”