Vətəndaş cəmiyyətinin inkişafı ölkənin ümumi tərəqqisinin əsas göstəricilərindən biri hesab olunur. Bakı Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az- a olan açıqlamasında bildirib ki, bu sahədə yeni dövlət proqramlarının qəbul olunmasına ehtiyac var.
R.Zeyni qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti ilə bağlı “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi müddəalar yer alıb. Onun sözlərinə görə, sənədin doqquzuncu fəslində vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı əsas istiqamətlər və prinsiplər öz əksini tapıb.
O bildirib ki, həmin istiqamətlər üzrə bəzi məsələlər icra olunsa da, bir qismi hələ də həyata keçirilməsini gözləyir: “Vətəndaş cəmiyyətinin inkişafı üzrə yeni dövlət proqramı və ya təkliflər paketi qəbul olunsa, biz bunu müsbət qarşılayar və icrasına dəstək verməyə hazır olarıq.”
R.Zeyni vurğulayıb ki, vətəndaş cəmiyyətinin inkişafı yalnız bu sahənin deyil, ümumilikdə ölkənin inkişafı deməkdir: “Kamil vətəndaş, sivil cəmiyyət, güclü dövlət prinsipi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dünya təcrübəsi də göstərir ki, iqtisadiyyatı, ordusu və vətəndaş cəmiyyəti güclü olan dövlətlər daha dayanıqlı və qüdrətli olur.”
Zəhra Ağayeva