AZ

27 vəzifəli şəxs barəsində intizam tədbiri görülüb

27 vəzifəli şəxs barəsində intizam tədbiri görülüb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) qeyri-qanuni hərəkətlər və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin birinci rübü ərzində 27 əməkdaşı barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görüb.

Bu barədə SHXÇDX məlumat yayıb. Bildirilib ki, cəzalandırılanların 17-si rəhbər heyətdir. O cümədən 1 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb, 16 fakt üzrə 34 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğa göndərilib.

Prezidentin 6 sentyabr 2023-cü il tarixli Fərmanının icrası çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı 4 yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 1 iyul 2024-cü il tarixdən etibarən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə məlumat mübadiləsinin elektronlaşdırılması korrupsiya risklərinin azaldılmasına və idarəetmədə obyektivliyin təmin olunmasına müsbət təsir göstərməkdədir.

Mövcud qanunvericiliyə əsasən vətəndaşların hərbi vəzifələrin icrası ilə bağlı Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifəsinin (elektron kabinet) yaradılması nəzərdə tutulub. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Hərbi qeydiyyat” və digər arayışlar “MyGov” mobil tətbiqi üzərindən vətəndaşlara təqdim olunur.

15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəalar tətbiq olunur. Cari ildən etibarən ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısı ləğv olunub və məlumatlar elektron formada göndərilir. Bu tədbirlər vətəndaşlarla əyani təması minimuma endirməyə və şəffaflığı artırmağa xidmət edir.

Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə “9100 Çağrı Mərkəzi”nə və ya [email protected] elektron poçt ünvanına müraciət etmələri tövsiyə olunur. SHXÇDX fəaliyyətində şəffaflıq və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq mübarizəni ardıcıl davam etdirəcək.

Seçilən
16
afn.az

1Mənbələr