AZ

Sülhü sabotaj cəhdi: Overçuk suallara cavab verməlidir

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Zəngəzur dəhlizinin açılması və Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılmasının regional proseslərə gələcək təsiri ilə bağlı TASS agentliyinə müsahibə verib. 

Lakin Overçukun açıqlamaları daha çox bölgədə yeni formalaşan nəqliyyat-tranzit marşrutlarının tənqidi üzərində qurulub və Rusiyanın maraqlarına xidmət etməli olduğu barədə tezislərdən ibarət olub. 

““Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi ilə bağlı sazişin imzalanması Cənubi Qafqazda regional tarazlığı pozub. Problem ondadır ki, bu imzalar daha dərin prosesləri tətikləyib. 

Onlar Türkmənçay müqaviləsinin imzalandığı 1828-ci ildən bəri mövcud olan Regional tarazlığı pozub”,- deyə Aleksey Overçuk bildirib.

Baş nazirin müavini deyib ki, həmin dövrdə İrəvan və Naxçıvan xanlıqlarının torpaqları Rusiya imperiyasına verilib və coğrafi sərhəd – Araz çayı boyunca müəyyən edilib:

“O vaxtdan bəri bu, iki böyük qonşu arasında razılaşmalarla təmin edilən ümumilikdə dinc sərhəd olub”.

Overçukun qeyd edilən sözləri daha çox avantürist xarakter daşıyır və Zəngəzur dəhlizinin Cənubi Qafqaza qeyri-sabitlik gətirəcəyinə dair iddiadan ibarətdir. İkincisi, Aleksey Overçuk “Tramp marşrutu”nun Rusiyanın maraqlarına zidd olduğunu nümayiş etdirməyə çalışır. 

Bununla da Rusiya rəsmisi Moskvanın Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına qarşı olduğunu dolayısı ilə etiraf edir. Yəni Rusiya Cənubi Qafqazda münaqişələrdən faydalanaraq nəqliyyat marşrutlarını blokada vəziyyətinə salmaqla regionu öz nəzarətində saxlamağa çalışır. 

Rusiya iki əsrdən artıq bu üsulla Cənubi Qafqazda Türkiyəyə, İrana və Qərbə qarşı güc balansını təmin etmək siyasəti yürüdüb. Overçuk da “tarazlığın pozulması” dedikdə məhz bunu nəzərdə tutur. 

Ermənistan-Azərbaycan münaqişəsinin həlli və tərəflərin sülhə yaxınlaşması regionda Rusiyanın 1828-ci il Türkmənçay müqaviləsindən bəri formalaşdırdığı status-kvonun ləğvinə səbəb olub. 

Ona görə də hazırda Moskvadakı neoimperialistlər yaranmış yeni geosiyasi reallıqlarla barışa bilmir. Aleksey Overçukun İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya verilməsini xatırlatması həm Azərbaycanın, həm də bugünkü Ermənistanın suverenliyinə təhdiddir. 

Rusiyanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan torpaqlarında süni şəkildə Ermənistan dövləti yaradılıb. Sonralar Zəngəzur vilayəti, Göyçə mahalı, Şərur-Dərələyəz mahalı, Qazax qəzasının torpaqları Rusiya imperiyası tərəfindən Ermənistana verilib. 

Bu siyasət Sovet İttifaqı dövründə də davam etdirilib. Məhz Rusiyanın təhriki ilə ermənilər Azərbaycan xalqına qarşı mütəmadi olaraq kütləvi qətliamlar və soyqırımlar həyata keçiriblər. Overçukun iki dövlət arasında hansı dinc sərhəddən danışdığı anlaşılmır. Hazırda Ukraynada baş verən müharibə göstərdi ki, Rusiyanın iki əsr öncəki nizamı yenidən bərpa etmək cəhdləri əbəsdir və heç bir nəticə verə bilməz. 

Aleksey Overçuk  əlavə edib ki, “Tramp marşrutu” ilə hərəkət edən yüklər birbaşa Türkiyəyə gedəcək və Ermənistan onun 26 faizlik payını alacaq: 

“Tranzit gəlirlərinin 74 faizini vermək onların hüququdur. Lakin Ermənistan Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupunda qalsaydı, bu yolun tikintisi artıq başa çatmaq üzrə olardı, ərazisi keçdiyi ölkənin yeganə mülkiyyəti olaraq qalardı”.

O zaman Overçuk “Əgər Rusiya Zəngəzur dəhlizinin açılmasında bu qədər faydalı və vacib hesab edirsə, nə üçün üçtərəfli işçi qrupun qərarını yerinə yetirməyi Ermənistandan tələb etmədi” sualına cavab verməlidir. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov da 2024-cü ilin avqust ayında Bakıda verdiyi açıqlamada 2022-ci ilin iyun ayında işçi qrupun Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında dəmir yolunun açılmasına dair razılıq əldə etdiyini bildirmişdi. 

Lakin Rusiya heç vaxt Ermənistan qarşısında yolların açılması məsələsini qaldırmadı. Çünki Moskva Zəngəzur dəhlizinin açılmasına istəməyib. 

Belə olan halda, “TRIPP layihəsi”nin icrası üçün ABŞ ilə əməkdaşlıq etdiyinə görə Rusiya rəsmiləri Ermənistanı qınamamalıdır. Bu sadəcə olaraq, Azərbaycan-Ermənistan sülh prosesini sabotaj etmək cəhdidir. 

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr