AZ

Süni intellektdən düzgün istifadə inkişafı dəstəkləyən güclü alətə çevrilə bilər psixoloq

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 3 aprel, AZƏRTAC

Rəqəmsal dövrdə böyüyən uşaqlar üçün smartfonlar həyatın ayrılmaz hissəsinə çevrilsə də, bu texnologiyaların psixoloji təsirləri hələ də müzakirə mövzusudur.

AZƏRTAC-ın müxbiri klinik psixoloq İlkin Kazımlı ilə söhbət zamanı texnoloji asılılıqdan qorunma yollarına və süni intellektin uşaqların gələcək inkişafındakı roluna toxunub.

Onun sözlərinə görə, müşahidə zamanı müəyyən olunub ki, uşaqların psixoloji inkişaf mühiti sürətlə rəqəmsallaşıb. Qadjetlər və xüsusilə süni intellektəsaslı sistemlər uşağın idrak, emosional və davranış mexanizmlərinə birbaşa təsir edir. Bu təsir nə mənfidir, nə də tamamilə müsbət - burada əsas faktor istifadə forması və müddətidir.

“Süni intellektin müsbət tərəflərinə psixoloji inkişaf prizmasından baxdıqda, ilk növbədə fərdiləşdirilmiş öyrənmə diqqət çəkir. Bu sistemlər uşağın koqnitiv səviyyəsinə uyğunlaşaraq informasiyanı mərhələli şəkildə təqdim edir. Bu isə öyrənmə motivasiyasını artırır və “bacarmıram” inancını zəiflədə bilir. Eyni zamanda, maraq üzərindən öyrənmə güclənir ki, bu da uşağın daxili motivasiyasını stimullaşdırır. Bəzi hallarda sosial çətinlik yaşayan və ya özünü ifadə etməkdə çətinlik çəkən uşaqlar üçün süni intellekt təhlükəsiz ünsiyyət mühiti də yarada bilir”, - deyə psixoloq əlavə edib.

İ.Kazımlının fikrincə, risk faktorları daha çox nəzarətsiz və intensiv istifadə zamanı ortaya çıxır. Klinik müşahidələr göstərir ki, uzunmüddətli və balanssız ekran istifadəsi diqqət tənzimləmə problemlərini artırır, impulsivliyi gücləndirir və gecikmiş məmnuniyyətə dözümlülüyü azaldır. Bu isə uşağın həm akademik, həm də sosial sahədə adaptasiyasını çətinləşdirə bilir.

“Digər mühüm məsələ emosional inkişafla bağlıdır. Uşaq real münasibətlərdə empatiya, gözləmə, qarşı tərəfi anlama kimi bacarıqları təcrübə yolu ilə öyrənir. Süni intellekt isə çox zaman sürətli, konflikt yaratmayan və uşağa uyğunlaşan cavablar təqdim edir. Bu, qısa müddətdə komfort yaratsa da, uzunmüddətdə uşağın frustrasiya dözümlülüyünü zəiflədə və real münasibətlərdə çətinlik yaratmasına səbəb ola bilər.

Bundan əlavə, hazır cavabların əlçatan olması tənqidi düşünmə və problem həll etmə bacarıqlarının passivləşməsi riskini yaradır. Uşaq “tapmaq” yerinə “almaq” modelinə alışır. Bu isə icraedici funksiyaların - planlama, analiz, qərarvermə kimi bacarıqların inkişafına təsir edə bilər”, - deyə mütəxəssis bildirib.

Psixoloq qeyd edib ki, burada bir başqa həssas nöqtə informasiya təhlükəsizliyi və reallıq qavrayışıdır. Uşaqlar süni intellekt tərəfindən təqdim olunan məlumatları çox zaman filtrsiz qəbul edir və doğruluğunu sorğulama bacarığı yetərincə formalaşmadığı üçün yanlış məlumatlara qarşı daha həssas olurlar. Peşəkar yanaşma baxımından əsas tövsiyə “qadağa” deyil, “tənzimləmə və müşayiət” modelidir. Valideynlər uşağın texnologiya ilə münasibətində aktiv rol almalıdırlar - həm zaman baxımından çərçivə qoymaq, həm də məzmunu birlikdə dəyərləndirmək vacibdir. Birgə istifadə və müzakirə uşağın həm tənqidi düşünməsini, həm də emosional emalını gücləndirir.

“Eyni zamanda, uşağın gündəlik həyatında balans prinsipi qorunmalıdır: fiziki aktivlik, canlı sosial ünsiyyət, sərbəst oyun və yaradıcı fəaliyyətlər texnologiya ilə paralel şəkildə yer almalıdır. Çünki sağlam psixoloji inkişaf yalnız rəqəmsal stimulla deyil, çoxşaxəli təcrübə ilə formalaşır.

Nəticə olaraq qeyd edə bilərəm ki, süni intellekt uşaqlar üçün nə təhlükə, nə də xilasedici vasitədir. O, düzgün istifadə olunduqda inkişafı dəstəkləyən güclü alətə çevrilə bilər. Amma nəzarətsiz və balanssız istifadə edildikdə psixoloji inkişaf prosesində müəyyən risklər yarada bilər. Burada əsas məsuliyyət texnologiyanın özündə deyil, onu uşağın həyatına necə inteqrasiya etdiyimizdədir”, - deyə İlkin Kazımlı diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
48
azertag.az

10Mənbələr