AZ

İran: ABŞ pilotlarının toplandığı gizli məkanı ballistik raketlə vurduq

Musavat.com xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və müttəfiqlərinə qarşı yeni hücumlar həyata keçirdiyini iddia edib.

Korpusun mətbuat xidmətinin yaydığı açıqlamaya görə, “Vədli Sadiq 4” əməliyyatının 91-ci dalğası çərçivəsində Cənubi Fars körfəzi regionunda ABŞ və İsrailə aid hərbi və infrastruktur obyektlərinə ballistik və kruz raketləri, həmçinin pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

İran tərəfi bildirir ki, əməliyyat zamanı Hind okeanının şimal hissəsində yerləşən USS Abraham Lincoln gəmi qrupu da “Qadir-380” tipli kruz raketləri ilə hədəfə alınıb.

Açıqlamada daha sonra qeyd olunur ki, hücumun ikinci dalğasında BƏƏ ərazisində yerləşən bir baza yaxınlığında ABŞ döyüş təyyarələrinin pilotları və uçuş mühəndislərinin “gizli toplaşma yeri” ballistik raketlərlə vurulub. İran mənbələri hadisə yerində çoxsaylı ölən və yaralıların olduğunu iddia edir.

Bundan əlavə, SEPAH ABŞ-a məxsus “MQ-1” pilotsuz uçuş aparatları bölməsinin yerləşdiyi “Ali Əs-Səlim” bazasına da zərbələr endirildiyini açıqlayıb.

İran hərbi qurumu həmçinin Hürmüz boğazı ətrafında vəziyyətin nəzarətdə saxlanıldığını və ABŞ qüvvələrinin istənilən hərəkətinə “qəti cavab veriləcəyini” bəyan edib.

Musavat.com bildirir ki, bu məlumatlar İran tərəfinin rəsmi açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib. ABŞ və digər tərəflər məsələ ilə bağlı rəsmi mövqe açıqlamayıb.

 

Musavat.com

Seçilən
9
50
musavat.com

10Mənbələr