AZ

Lefkoşa və Ankarada EOKA terror təşkilatı tərəfdarlarının təxribatı pislənilib

Ankara, 2 aprel, AZƏRTAC

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sakinlərinə daş, dəyənək və əldəqayırma partlayıcı qurğularla hücum edilməsi adadan kənarda da geniş rezonans doğurub.

AZƏRTAC xəbər verir ki, hadisə EOKA terror təşkilatının yaradılmasının ildönümü ilə əlaqədar Lefkoşanın cənubunda yunan kiprlilərinin toplaşdığı kütləvi tədbir zamanı baş verib.

Təxribat iştirakçılarının bir hissəsi maskalı olub. Türkiyə hərbçilərinin hadisə yerinə gəlməsi fonunda onlar ərazini tələsik tərk ediblər. Hadisənin bufer zonasında baş verməsi müşahidə kameraları tərəfindən qeydə alınıb.

ŞKTC hakimiyyəti bununla bağlı BMT-yə və yunan Kiprinin rəsmi qurumlarına müraciət ünvanlayıb.

Şimali Kiprin Prezidenti Tufan Erhürman təxribatı qəti şəkildə pisləyib.

Ankarada da terror tərəfdarlarının hərəkətləri kəskin tənqid olunub. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bəyan edib ki, baş verən hadisəyə görə məsuliyyət yunan Kiprinin administrasiyasının üzərinə düşür. Onun sözlərinə görə, bu administrasiya onilliklər ərzində terrorçuları qəhrəmanlaşdırıb və yunan kiprlilərini dinc birgəyaşayış ideyasından uzaqlaşdırıb.

Qeyd edək ki, EOKA terror təşkilatı 1950-ci illərin ortalarında adanı Yunanıstanla birləşdirmək məqsədilə yaradılıb. Kiprdə Britaniya hakimiyyəti başa çatdıqdan və Kipr Respublikası yarandıqdan sonra təşkilat üzvləri türkləri adadan qovmaq məqsədilə kütləvi qətllər törədiblər. Terrorun qurbanları arasında EOKA-nın mövqeyini bölüşməyən yunanlar da olub.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
13
1
azertag.az

2Mənbələr