AZ

"Düşmən səngərinə 40 dəqiqəyə girdik" - XTQ qazisi

"2016-cı ilin aprel ayının 1-nə qədər demək olar ki, hər gün düşmən təxribatları ilə üzləşirdik. Aprelin 1-də isə bu təxribatlar pik həddə çatdı. Ermənistan Silahlı Qüvvələrinin həyata keçirdiyi hücumlar nəticəsində cəbhəyanı yaşayış məntəqələrində dinc sakinlər arasında yaralananlar və şəhidlərimiz oldu. Düşmən ağır artilleriya və iri çaplı atıcı silahlardan istifadə edərək yaşayış məntəqələrimizi hədəf alırdı. Bu təxribatların qarşısını almaq üçün Müzəffər Ali Baş Komandanın qətiyyətli qərarı ilə Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Ordumuz cənubda Füzuli-Cəbrayıl, şimalda isə Ağdərə-Goranboy-Tərtər istiqamətlərində qarşıya qoyulan tapşırıqları yüksək dəqiqliklə icra etdi. Cənub istiqamətində xüsusən ikinci ordu korpusunun və kəşfiyyat bölmələrinin qəhrəmanlığı sayəsində düşmənin 20 ildən artıqdır əlində saxladığı Lələtəpə yüksəkliyi, ətrafdakı strateji postlar və dayaq məntəqələri nəzarətimizə keçdi. Ümumilikdə aprel döyüşləri nəticəsində 2000 hektar torpaq işğaldan azad edildi, on minlərlə hektar ərazi isə ordumuzun tam nəzarəti altına düşdü".

Bu barədə Redaktor.az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) ehtiyyatda olan baş leytenantı, Aprel döyüşlərinin iştirakçısı, 3-cü qrup müharibə əlili, qazi Əhliyət Mehdiyev bildirdi.

"Mənim də mənsub olduğum Xüsusi Təyinatlı Qüvvələr şimal istiqamətində - Goranboy, Tərtər və Ağdərə xəttində düşmən həmlələrinin qarşısını aldı. Komandanlığın əmrinə uyğun olaraq, cəmi 40-45 dəqiqə ərzində düşmənin ön xəttini yardıq. Ermənilərin 20 il ərzində qurduğu mühəndis-istehkam maneələrinə baxmayaraq, ərazi relyefindən düzgün istifadə edərək təyin olunan vaxtda düşmən səngərlərinə çatdıq. İlkin mərhələdə düşmənin xüsusi təyinatlıları bizi pusquya saldıqlarını zənn edərək atəş açsalar da, çevik manevrlərimiz sayəsində itki vermədən mövqelərə daxil olduq".

Qazi əlavə etdi ki, ordumuzun qəfil hücumu və şok atəşi düşmən tərəfdə ciddi çaşqınlıq yaratdı:

"Talış yüksəklikləri istiqamətində qısa müddətdə düşmənin 22 postunu ələ keçirdik. Ən ağır döyüşlər məhz təmas xəttində, səngərlərdə baş verdi. Ermənilər onlara qarşı döyüşənlərin Xüsusi Təyinatlı Qüvvələr olduğunu bildikləri üçün əsas güclərini Goranboy-Ağdərə istiqamətinə yönəltmişdilər. Lakin səngərlərdəki 8-10 nəfərlik qruplarının bir neçə üzvü zərərsizləşdirilən kimi, digərləri silah-sursatı və mövqeləri atıb qaçırdılar. Aprelin 1-dən 2-nə keçən gecə başlayan əməliyyat uğurla nəticələndi və aprelin 2-si saat 12-1 radələrində biz artıq təyin olunan hədlərdə möhkəmlənmişdik. Düşmən itirilmiş əraziləri geri qaytarmaq üçün iki tank taboru və iki dağ-atıcı alaydan ibarət böyük qüvvə ilə əks-hücuma keçsə də, döyüşçülərimiz azad olunan yüksəklikləri sona qədər qoruyub saxladılar".

Müsahibimiz Aprel döyüşləri zamanı 12 nəfərlik heyətdən ibarət xüsusi əməliyyat qrupunun komandiri olduğunu da bildirdi.

"Yuxarı komandanlığın tapşırığına uyğun olaraq, qrupumla birlikdə təyin olunan vaxtda düşmən səngərinə daxil olduq. Mövqe tam təmizləndikdən və düşmən qüvvələri məhv edildikdən sonra növbəti tapşırıqların icrasına başladıq. Xüsusi Təyinatlı Qüvvələrin digər bölmələri kimi, bizim qrup da qarşıya qoyulan vəzifələri yüksək dəqiqliklə yerinə yetirirdi.

Döyüşün qızğın vaxtı bir neçə dəfə 8-10 metr məsafədən yaxın təmasda olduq. Üzərimizə yağış kimi yağın güllələr kaskalarımıza və hücum jiletlərimizə dəysə də, xoşbəxtlikdən ciddi xəsarət almadıq. Lakin müharibə itkisiz və risksiz olmur. Aprelin 2-dən 3-nə keçən gecə, səhər saat 4 radələrində atıcı silahlarla qarşımızda duruş gətirə bilməyən düşmən bölmələri itirdikləri mövqeləri geri qaytarmaq üçün dağ yamaclarından ağır texnika - tanklar, özüyeriyən artilleriya qurğuları, top-haubitsalar və minaatanların dəstəyi ilə genişmiqyaslı hücuma keçdilər".

Baş leytenantın sözlərinə görə, həmin vaxt düşmən tərəfindən atılan 120 millimetrlik mərmilərdən biri özünün və döyüş yoldaşı Şəhriyar Eyvazovun olduğu mövqeyə düşüb:

"Biz xüsusi təyinatlılar qrup daxilində ikili şəkildə hərəkət edir, bir-birimizə özümüz qədər güvənir və bir-birimizi qoruyuruq. Mərminin partlayış dalğası o qədər güclü idi ki, hər ikimizi havaya qaldırıb kənara çırpdı. Nəticədə Şəhriyar ağır kəllə-beyin travması aldı və boyun fəqərəsi sındı. Məndə isə ağır kəllə-beyin travması ilə yanaşı, onurğa-beyin zədələnməsi yarandı. Relyefin xüsusiyyətləri bizi qəlpələrin birbaşa təsirindən qorusa da, zərbənin gücü hər ikimizi ağır yaraladı. Bir müddət huşumu itirdikdən sonra özümə gələndə sol gözümün açılmadığını gördüm; şiddətli ağrı var idi və gözümə qan sızdığı üçün heç nə görmürdüm. Ayağa qalxmaq istəsəm də, dizimdən aldığım zədə səbəbindən yeriməkdə çətinlik çəkirdim. İlk işim Şəhriyarı axtarmaq oldu. Onu 7-8 metr aralıda hərəkətsiz vəziyyətdə tapdım. Bir neçə dəqiqə səslədim, cavab gəlməyəndə şəhid olduğunu düşündüm. Lakin bir az sonra gözünü açıb əlini tərpətməsi ilə sağ olduğunu anladım və həmin an hiss etdiyim sevinci sözlə ifadə etmək mümkün deyil. Daha sonra digər döyüş yoldaşlarımızın - sonradan Vətən Müharibəsində qazi olan Elvin Məmmədov, Nemət Ağayev və Tehran Mahmudovun köməkliyi ilə ərazidən təxliyə olunduq. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında bir ildən artıq müalicə aldım".

Döyüş iştirakçısı qeyd etdi ki, onurğa-beyin zədələnməsi nəticəsində yaranan hidrosefaliya diaqnozu və digər ciddi sağlamlıq problemləri ilə əlaqədar 2017-ci ilin iyun ayında müdafiə nazirinin əmri ilə baş leytenant rütbəsində ordudan tərxis olunub:

"Döyüş yoldaşım Şəhriyar isə müalicədən sonra səhhətini bərpa edərək xidmətə davam etdi. O, 2020-ci il Vətən müharibəsində də qəhrəmancasına vuruşaraq Şuşaya qədər gedib çıxdı. Şuşa ətrafındakı döyüşlərdə yaralanan Şəhriyar da müharibə bitdikdən sonra qazi kimi ehtiyata buraxıldı. Bu zəfərdə komandirlərimiz və döyüş yoldaşlarımız böyük şücaət göstərdilər. Şəxsi heyətə "İrəli!" deyil, "Ardıımca!" deyərək örnək olan "Murov qartalı" Raquf Orucov, Polad Həşimov, Vüqar Yusifov, Murad Mirzəyev, Samid İmanov, Mühüd Orucov kimi əfsanəvi komandirlərimiz, eləcə də Pəncəli Teymurov, Babək Abidov, Elvin Namazov, Elnur İsgəndərov, Sərxan Bayramov, Toğrul Fərizadə, Bəxtiyar Hüseynov, Ravil Novruzov və Elmdar Səfərov kimi igid qardaşlarımız qəhrəmanlıq dastanı yazdılar. Döyüşlərdə neftçalalı şəhidimiz Elmdar Səfərov ağır yaralanmasına baxmayaraq, təxliyə olunmaqdan imtina edərək sona qədər vuruşdu. O, şəhid olacağını bilsə də, illərdir gözlədiyi bu döyüşdən geri çəkilmədi. Digər qəhrəmanımız Ravil Novruzov isə bir postda 4 düşmən xüsusi təyinatlısını zərərsizləşdirdikdən sonra, beşincisi ilə üz-üzə gələndə vətən sahibi kimi fədakarlıq göstərərək qalibiyyəti yaşayıb şəhadətə qovuşdu. Qazaxlı zabitimiz baş leytenant Elvin Namazov da öz şəxsi nümunəsi ilə döyüş tapşırıqlarının vaxtında icra olunmasını təmin etdi və qəhrəmancasına şəhid oldu".

 

Müsahibimiz fotodakının Aprel Şəhidimiz baş leytenant Elvin Namazov olduğunu da bizə bildirdi.

"Azərbaycan hərbçisinin yüksək mənəvi-psixoloji hazırlığı, imanı və döyüş təcrübəsi bu qələbəni şərtləndirən əsas amillər idi. Biz nəyin uğrunda vuruşduğumuzu, bu torpaqların əsl sahibi olduğumuzu bilirdik. Qarşı tərəfdə isə xaraba qalmış əraziləri görən düşmən əsgəri psixoloji sarsıntı içində idi; onlar da dərindən dərk edirdilər ki, bu torpaqların gerçək sahibləri bir gün gəlib öz haqlarını bərpa edəcəklər.

Aprel döyüşləri bizim böyük Zəfərimizə gedən yolda mühüm bir mərhələ idi. Bu qələbə xalqın orduya inamını bərpa etdi və sübut etdi ki, əgər ordumuzun cəmi 3-5 faizinin cəlb olunduğu bir əməliyyat bu qədər uğurludursa, tammiqyaslı hücumla torpaqlarımızı qısa müddətdə azad etməyə qadirik. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatları bu inamı tam doğrultdu. 23 saat ərzində həyata keçirilən əməliyyatla Xocalı, Xankəndi, Əsgəran, Ağdərə və Xocavənd azad edildi, suverenliyimiz tam təmin olundu. Aprel döyüşləri Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazıldı. İnanıram ki, xalqımız qəhrəman şəhidlərimizi və müharibə iştirakçılarını heç vaxt unutmayacaq, onların xatirəsini daim uca tutacaqdır", - deyə Əhliyət Mehdiyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

2222
Seçilən
23
1
redaktor.az

2Mənbələr