Azərbaycan ərazisində müşahidə olunan duman aprelin 4-ü gündüz saatlarından tədricən seyrələcək. Cənub-şərq küləyi isə şimal-qərb küləyi ilə əvəzlənəcək.
Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə müşahidə edilən duman mövsümi-meteoroloji şəraitlə bağlıdır:”Dumanlı hava şəraiti həm də iqlim dəyişikliklərinin yaratdığı ümumi tendensiyalar ilə əlaqələndirilir. Belə ki, gecə və səhər saatlarında nisbi rütubətin yüksəlməsi müşahidə olunur. Eləcə də yer səthinə yaxın qatlarda temperatur inversiyasının daha tez-tez formalaşması havanın durğunlaşmasına səbəb olur. Bu da dumanın yaranmasına şərait yaradır. Son illərdə müşahidə edilən iqlim dəyişmələri fonunda atmosfer hadisələrinin, o cümlədən dumanlı günlərin təkrarlanma tezliyində dəyişikliklər qeydə alınır. Hazırki müşahidələr göstərir ki, bu artım atmosfer proseslərinin dəyişkənliyi ilə bağlıdır”.