AZ

Avstraliya qumar reklamlarına qarşı sərt məhdudiyyətlər tətbiq edir

Avstraliya hökuməti uzun illərdir ictimaiyyət tərəfindən tənqid olunan qumar reklamları ilə bağlı genişmiqyaslı islahatlar tətbiq edir. Hökumət bu addımı cəmiyyətdə artan narahatlıqlar və ictimai təzyiqlər səbəbindən atdığını bildirib.

Yeni qaydalara əsasən, gələn ilin 1 yanvar tarixindən etibarən qumar reklamlarının televiziya, radio, onlayn platformalar və idman məkanlarında yayımı ciddi şəkildə məhdudlaşdırılacaq. Əsas məqsəd böyüklərin istədikləri halda mərc oyunlarında iştirak hüququnu saxlamaqla yanaşı, uşaqların gündəlik həyatda qumar reklamları ilə qarşılaşmasının qarşısını almaqdır.

Qəbul edilən yeni qaydalara əsasən, televiziya kanallarında səhər saat 06:00-dan axşam 20:30-dək mərc reklamları saatda maksimum üç dəfə yayımlana biləcək. Həmin saatlar ərzində canlı idman yayımları zamanı qumar reklamları tam qadağan ediləcək. Azyaşlı uşaqların məktəbə aparılıb-gətirildiyi saatlarda radioda bu tip reklamların yayımına icazə verilməyəcək. Məşhurların və idmançıların qumar reklamlarında iştirakı qadağan olunacaq. 18 yaşdan aşağı şəxslərə yönəlmiş və imtinaya imkan verməyən onlayn reklamlar bloklanacaq. İdman arenalarında, həmçinin oyunçuların və rəsmi şəxslərin geyimlərində qumar reklamlarının yerləşdirilməsi qadağan ediləcək. Hökumət, eyni zamanda, qanunsuz ofşor mərc saytlarına qarşı mübarizəni gücləndirəcəyini, eləcə də Keno və poker aparatlarını imitasiya edən mobil tətbiq və veb-saytların da qadağan olunacağını açıqlayıb.

Ekspertlər bildirirlər ki, Avstraliya adambaşına düşən qumar itkilərinə görə dünyada ilk yerlərdən birini tutur və buna görə hökumətin bu addımı cəmiyyətin, xüsusilə uşaqların və yeniyetmələrin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
37
azerbaijan-news.az

1Mənbələr