AZ

ABŞ İranda nəyə nail olmaq istəyir?

ABŞ-nin İrana qarşı hərbi ritorikası yenidən sərtləşir.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdən xalqa televiziya müraciəti zamanı bildirib ki, Vaşinqton növbəti iki-üç həftə ərzində İrana qarşı fövqəladə güclə zərbə endirəcəyik, biz onları daş dövrünə qaytaracağıq. 

Bəs “İranı daş dövrünə qaytaracağıq” deyəndə Tramp burada nə demək istəyib?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Donald Trampın verdiyi açıqlamalar diqqətçəkicidir. 

Onun sözlərinə görə, ilk növbədə nəzərə almaq lazımdır ki, Tramp İran savaşından dolayı həm beynəlxalq, həm də daxili təzyiqlərlə üzləşib:

“Xüsusilə daxili təzyiqlərin daha ciddi şəkildə artdığı müşahidə olunur. Belə ki, bu təzyiqlərin əsas səbəblərindən biri başlanmış hərbi əməliyyatlarda qarşıya qoyulan hədəflərə tam şəkildə nail olunmamasıdır.

Savaşın planlaşdırılandan daha uzun çəkməsi həm riskləri artırır, həm də böyük maliyyə resurslarının sərf olunmasına səbəb olur. İranın “daş dövrünə qaytarılması” ilə bağlı səsləndirilən fikir isə ondan irəli gəlir ki, Tramp Tehran qarşısında müəyyən tələblər irəli sürür və davam edən danışıqlarda bu tələblərin qəbul olunması və anlaşma imzalanması istənilir. Əks halda, İrana daha ağır zərbələrin endiriləcəyi bildirilir.

Hazırkı vəziyyətə nəzər saldıqda görünür ki, ABŞ və İsrail artıq İranın hərbi-strateji əhəmiyyət daşıyan obyektlərinin böyük hissəsini sıradan çıxarıb.

Qalan hədəflərin də vurulması istiqamətində addımların atılacağı istisna edilmir. Məhz baş verənlərdən görünən budur. Hətta Trampın dilindən bir neçə gün əvvəl 3 554 hədəfin olduğu ifadəsini də eşitmişdik. İsrailin də mövcud vəziyyətdən istifadə edərək İrana mümkün qədər daha ağır zərbələr endirməyə çalışacağı gözlənilir”.

Oqtay Qasımov əlavə edib ki, İranın “daş dövrünə qaytarılması” ilə bağlı səsləndirilən fikirlər zərbələrin miqyasının maksimum dərəcədə genişləndirilməsi ilə bağlıdır:

“Daş dövrünə qaytarmaq” fikri ilə onunla bağlıdır ki, İrana zərbələrin miqyasının maksimum genişləndirilməsi, dağıntıların böyük həddə çatdırılması və ölkənin bərpasının uzun illər və ciddi maliyyə resursları tələb edən bir prosesə çevrilməsi kimi izah olunur. 

Burada təkcə hərbi-strateji obyektlər deyil, eyni zamanda enerji infrastrukturu, limanlar, hava limanları və digər mülki infrastrukturun da hədəf alınması nəzərdə tutulur. Şübhəsiz ki, öz hədəflərinə tam şəkildə çatmayan ABŞ bu cür addımlara əl ata bilər.

Əgər tərəflər arasında anlaşma əldə olunarsa, müharibə dayana bilər. Lakin İran tərəfinin belə bir razılaşmanı qəbul edəcəyi real görünmür. Hazırkı şərtlərdə tərəflərin bir-birinə qarşı irəli sürdüyü tələblər arasında ciddi fərqlər mövcuddur”.

Seçilən
42
50
cebheinfo.az

10Mənbələr