Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Kəlbəcər, 2 aprel, AZƏRTAC
İşğaldan azad olunan və yenidən qurulan Kəlbəcər şəhərinə aprelin 2-də “Böyük Qayıdış” Proqramı çərçivəsində sayca 6-cı köç reallaşıb. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülüb.
Bu köçün məhz aprelin 2-nə təsadüf etməsi rəmzi məna daşıyır. Belə ki, 33 il əvvəl - 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu işğal olunmuşdu. Onilliklər boyu kəlbəcərlilərin yaddaşında ağrı və ayrılıq günü kimi qalan bu tarix artıq dövlətimizin qüdrəti sayəsində dirçəliş və doğma yurda qovuşma günü kimi yenidən yazılır. 33 il əvvəl məhz bu gün yurdlarından didərgin düşən sakinlər, indi elə həmin təqvim günündə Kəlbəcərə sevinc və qürur hissi ilə qayıdırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, köçlə gələn ailələri Kəlbəcər şəhərindəki I yaşayış məhəlləsində əlində bayraq tutmuş məktəblilər qarşılayıb, Dövlət Himnini ifa ediblər.
Kəlbəcər şəhərinin I yaşayış məhəlləsinə sakinlərin köçürülməsi ilə bağlı təşkil olunan mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər köç edən sakinləri təbrik edib, onlara doğma yurdlarında xoşbəxt həyat arzulayıblar.
Sonra ailə başçılarına mənzillərin açarları təqdim olunub. Ailələr sevinc hissi ilə yeni mənzillərində yerləşiblər. Həmin mənzillər fasiləsiz su, elektrik enerjisi, istilik və yüksəksürətli internetlə təmin edilib.
Bununla da şəhərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə, 162 ailənin (680 nəfər) qayıdışı təmin olunub.
15:23
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 2-də Kəlbəcər şəhərinə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beləliklə, bu gün 27 ailə olmaqla, 113 nəfər keçmiş məcburi köçkün doğma yurda - Kəlbəcər şəhərinə qovuşub.
11:47
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində aprelin 2-də Kəlbəcər şəhərinə növbəti köç yola salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Kəlbəcər şəhərinə 27 ailə - 113 nəfər köçürülür. Köçürülən ailələr Kəlbəcər şəhərində birinci yaşayış məhəlləsində daimi məskunlaşacaqlar.
İllərlə məcburi köçkün həyatı yaşayan kəlbəcərlilər üçün bu gün həm kədərli xatirələrin silindiyi, həm də böyük qürurun yaşandığı andır. Sakinlər bildirirlər ki, 1993-cü il aprelin 2-də yurdlarından ağır şəraitdə çıxmağa məcbur qaldıqları halda, 33 il sonra — elə həmin təqvim günündə Kəlbəcərə qalib bir xalqın nümayəndələri kimi qayıdırlar.
Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Kəlbəcər sakinləri, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Müxbir – Tahir Ağaməmmədov













Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.