AZ

İşğaldan intibaha: Kəlbəcərə Böyük qayıdışın növbəti mərhələsi

Bu gün Kəlbəcər rayonuna növbəti köç karvanı yola salınıb. Daha 27 ailə (113 nəfər) yenidən doğma yurd-yuvalarına qayıdıb, Böyük qayıdışın bir parçasına çevrilib. Bununla da Kəlbəcərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 162 ailə (680 nəfər) qayıdışı təmin olunub. Beləcə əzəmətli dağların qoynundan boy göstərən azad, abad Kəlbəcərdə sakinlərin ayaq səsləri, körpə qığıltıları çoxalmaqda, bir zamanlar həsrət və intizarla baxdığımız Kəlbəcərə isə həyat qayıtmaqdadır.

Bu böyük yolçuluğun təməli isə keçən ilin 21 avqustunda qoyulub. Məhz bu tarixdə azad olunduqdan sonra Kəlbəcər rayonuna ilk köç karvanı baş tutub.

Azərbaycan dövlətinin bütöv Qarabağ və Şərqi Zəngəzurda olduğu kimi Kəlbəcərdə də həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işləri sayəsində rayonun siması yenidən bərpa olunur, bina-bina, məhəllə-məhəllə inşa edilir. Müasir infrastruktur layihələri, yeni yollar, dağları yarıb keçən tunellər, inşa edilən yaşayış massivləri rayonun simasını tamamilə dəyişir.

Aparılan bu cür genişmiqyaslı və sürətli bərpa-quruculuq işlərinin yekununu isə indidən təxmin etmək heç də çətin deyil: Kəlbəcər regionun ən müasir və turistik guşələrindən birinə çevriləcək.

Məhz bugünkü tarixdə növbəti 30 ailənin ata-baba yurdlarına qayıtmasının isə həm də bir başqa simvolik mənası var. Bu tarix bizə heç də uzaq olmayan keçmişdən, 90-cı illərin o qan-qadalı, ədalət hayqırtılarımızın bütün dünyaya səs saldığı günlərdən tanışdır. 2 aprel 1993-cü il Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal olunduğu tarixdir.

Kəlbəcərin işğalı nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.

Əlverişli mövqeyinə görə Kəlbəcər rayonunun işğalı o zaman üçün, heç şübhəsiz, Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.

Əlbəttə, geriyə baxanda, 1993-cü ilin 2 apreli ilə müqayisədə 2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşımız, Şuşa zəfərimiz, Qarabağ zəfərimiz, eləcə də həmin ilin 25 noyabrında Kəlbəcərin əzəli və əbədi sahiblərinə qayıtması tarix olaraq bizə daha yaxındır. Amma müstəqillik əldə etdikdən sonra başımızın üstünü alan qara buludlardan, Xocalıda, Ağdabanda, Başlıbeldə çəkdiklərimizdən sonra yaxşı bilirik ki, tarixi heç bir halda unutmaq və unutdurmaq olmaz.

Bu günün Qarabağı sülh və tərəqqi şəraitində yaşamaq üçün qurulur, dirçəlir, abadlaşdırılır. Böyük Qarabağ zəfərinin memarı Prezident İlham Əliyev həm də azad olunduqdan sonrakı bərpa proseslərinin, eləcə də Azərbaycan-Ermənistan arasındakı qurulmaqda olan sülhün yaradıcısı, memarıdır.

Beləcə həm hərb, həm infrastruktur, həm də diplomatiya meydanında qazandığımız zəfərlərin fonunda 2 aprel tarixini həm də dirçəliş və doğma ocağa, yurd-yuvaya dönüş günü kimi qeyd edirik. Bu isə, şübhəsiz, Azərbaycan xalqının sarsılmaz iradəsinin, eləcə də səbrinin təcəssümüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu böyük missiya Azərbaycanın qüdrətini bütün dünyaya nümayiş etdirir. Məhz bu siyasətin ən bariz nəticələrindən birini Kəlbəcərin bugünkü siması ilə görürük: Kəlbəcər artıq intibahın, tərəqqinin və Böyük qayıdışın ən işıqlı mərkəzlərindən biridir.

İşığımız sönməsin!

Seçilən
41
far.az

1Mənbələr