AZ

Rusiyada daha bir tanınmış jurnalist “xarici agent” elan edildi

Rusiyada tanınmış idman jurnalisti Aleksandr Şmurnov “xarici agent” elan edilib.

NOCOMMENT.az xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyinin yenilənmiş reyestrinə əsasən, siyahıya həmçinin “Objective” (Obyektiv) onlayn nəşri də əlavə olunub.

Nazirliyin məlumatında bildirilir ki, Şmurnov Rusiya hökumətinin qərarları və siyasəti haqqında “yalan məlumatlar yaymaqda”, Rusiya Silahlı Qüvvələri barədə “mənfi imic formalaşdırmaqda” və Ukrayna ilə bağlı xüsusi əməliyyata qarşı çıxmaqda ittiham olunur. Bundan başqa, onun xarici agentlər və arzuolunmaz təşkilatlarla əlaqəli materialların hazırlanmasında iştirak etdiyi iddia edilir. Hazırda Şmurnovun Rusiyadan kənarda yaşadığı bildirilir.

Qeyd edək ki, Aleksandr Şmurnov idman jurnalisti və şərhçi kimi tanınır. O, NTV-Plus və Match TV kanallarında çalışıb, “Çempionat” kanalının baş redaktoru olub. 2023-cü ildə isə “Şmurnov Vaxtı” adlı YouTube kanalını yaradıb.

Eyni ittihamlarla “Obyektiv” onlayn layihəsi də “xarici agent” reyestrinə daxil edilib. Layihənin Rusiya siyasəti və ordu haqqında “yalan məlumatlar yaydığı” və xüsusi əməliyyata qarşı materiallar dərc etdiyi iddia olunur.

Siyahıya əlavə edilən digər şəxslər arasında insan haqları fəalı İrina Şerbakova, reper Artem Brovkov və “Yabloko” partiyasının üzvü Kseniya Çerepanova da var. Onlar da Rusiya hakimiyyəti və ordusu haqqında “yalan məlumat yaymaqda” və xüsusi əməliyyatı tənqid etməkdə ittiham olunurlar.

Qeyd edək ki, Rusiyada “xarici agent” statusu 2012-ci ildən tətbiq olunur. Bu statusu alan şəxslər və təşkilatlar bir sıra məhdudiyyətlərlə üzləşirlər. Onların dövlət dəstəyi alması qadağan edilir, reklam fəaliyyəti məhdudlaşdırılır, seçkilərdə iştirak imkanları məhdudlaşır və əldə etdikləri gəlirlər xüsusi nəzarət hesablarına yönəldilir. Son aylarda isə xarici agentlərin təhsil və maarifləndirmə fəaliyyəti ilə məşğul olmasını qadağan edən qanun layihəsi də müzakirəyə çıxarılıb.

Rusiyada “xarici agent” siyahısının genişləndirilməsi ölkədə media, mədəniyyət və ictimai fəaliyyət sahəsində çalışan şəxslərə təzyiqlərin artması kimi qiymətləndirilir.

Sara
NOCOMMENT.az

Seçilən
31
nocomment.az

1Mənbələr