Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 2 aprel, AZƏRTAC
Müasir dövrdə qlobal iqtisadiyyat və beynəlxalq ticarət sistemi geosiyasi proseslərin təsiri altında formalaşır. Son illərdə müxtəlif regionlarda baş verən siyasi gərginliklər, müharibələr və iqtisadi sanksiyalar ənənəvi nəqliyyat marşrutlarının fəaliyyətinə ciddi təsir göstərib. Bu səbəbdən alternativ ticarət və nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artıb. Belə layihələrdən biri də Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutudur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı Aygün Abdulova söyləyib.
O bildirib ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan mühüm ticarət yoludur. Bu marşrutun ümumi uzunluğu təxminən 7 min kilometr təşkil edir və yüklərin Çin ilə Avropa arasında çatdırılma müddətini 35–45 gündən təxminən 15–20 günə qədər azalda bilir. Bu isə qlobal ticarət üçün böyük üstünlük hesab olunur.
Son illərdə Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi sürətlə artıb. Məsələn, 2021-ci ildə marşrut üzrə təxminən 586 min ton yük daşındığı halda, 2022-ci ildə bu göstərici 1,5 milyon tona yaxınlaşıb. Ekspertlərin proqnozlarına görə, yaxın illərdə bu rəqəm 5–10 milyon tona qədər arta bilər. Bu artım beynəlxalq ticarət üçün Orta Dəhlizin əhəmiyyətinin getdikcə yüksəldiyini göstərir.
“Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi bu layihədə strateji rol oynayır. Azərbaycanın nəqliyyat infrastrukturu son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdirilib. Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik yükötürmə qabiliyyəti 15 milyon ton, konteyner daşımaları isə 100 min TEU təşkil edir. Gələcəkdə bu göstəricinin 25 milyon tona qədər artırılması planlaşdırılır.
Bundan əlavə, Bakı–Tbilisi–Qars dəmir yolu xətti də Orta Dəhlizin əsas elementlərindən biridir. Uzunluğu 846 kilometr olan bu dəmir yolu xətti vasitəsilə ildə 5 milyon tona qədər yük daşınması mümkündür və gələcəkdə bu göstərici 17 milyon tona çatdırılacaq.
Geosiyasi problemlər fonunda Orta Dəhlizin əhəmiyyəti daha da artır. Xüsusilə bəzi ənənəvi marşrutlarda yaranan siyasi risklər və logistika çətinlikləri beynəlxalq ticarətin alternativ yollarla həyata keçirilməsini zəruri edib. Bu baxımdan Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz və sabit ticarət yollarından biri kimi çıxış edir”,- deyə A.Abdulova vurğulayıb.
Ekspert əlavə edib ki, Orta Dəhlizin inkişafı region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə də müsbət təsir göstərir. Bu marşrut ticarət dövriyyəsinin artmasına, logistika xidmətlərinin inkişafına və yeni iqtisadi imkanların yaranmasına şərait yaradır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.