AZ

Masazırdakı çökən yolla bağlı RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən "Zəngilan şəhərciyi"ndə yeni inşa olunan yol qısa müddət sonra çöküb.

Sözügedən ərazidə çəkilən yolun bəzi hissələrində ciddi çökmə və deformasiya müşahidə olunub.Yol örtüyündə yaranan bu problemlər həm nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib, həm də sürücülər üçün təhlükə yaradıb.

Sakinlərin sözlərinə görə, yolun bu vəziyyətə düşməsi tikinti zamanı keyfiyyət standartlarına tam riayət olunmaması ehtimalını gündəmə gətirir.

Məsələ ilə bağlı  Abşeron Rayon İcra Hakimiyyətindən “Cebheinfo.az”-a bildirilib ki, hadisə qeydə alınan kimi aidiyyəti qurumların nümayəndələri dərhal əraziyə cəlb olunmuş, vəziyyət yerində araşdırılmışdır:

“Aylıq normadan dəfələrlə artıq yağan intensiv yağışlar nəticəsində tullantı su kollektorunun həddindən artıq yüklənməsi, həmçinin ətraf ərazilərdən qrunt sularının yol istiqamətinə yönəlməsi kollektor şəbəkəsində qəzaya səbəb olmuşdur. Qəza nəticəsində suyun yol yatağını yuması çökmə hallarına gətirib çıxarmışdır.

Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları tərəfindən dərhal operativ tədbirlər görülmüş, tullantı sularının fasiləsiz ötürülməsini təmin etmək məqsədilə nasos stansiyasına əlavə aqreqatlar quraşdırılmışdır.

Eyni zamanda, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilmiş, xüsusi texnikalar cəlb olunaraq kollektorun qəzalı hissəsinin dəyişdirilməsi üçün qazıntı işlərinə başlanılmışdır”.

Qeyd edilib ki, aidiyyəti qurumlarla birgə tədbirlər görülür:

“Hadisə ilə bağlı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunmuş, yol hərəkətinin təhlükəsiz təşkili təmin edilmiş və əlavə təhlükəsizlik tədbirləri həyata keçirilmişdir.

Mövcud vəziyyətlə əlaqədar aidiyyəti qurumlarla koordinasiyalı şəkildə işlər davam etdirilir. Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür”.

“Cebheinfo.az”

Seçilən
37
cebheinfo.az

1Mənbələr