AZ

Aprel döyüşləri: Böyük Zəfərin başlanğıcı və Böyük Qayıdışın təməli



Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 2016-cı ilin Aprel döyüşlərindən 10 il ötür. Bu əlamətdar tarix təkcə hərbi uğur deyil, həm də dövlətimizin qüdrətinin, xalqımızın sarsılmaz iradəsinin və Azərbaycan Ordusunun yüksək peşəkarlığının parlaq təcəssümü kimi yadda qalıb. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatı qısa müddətdə mühüm strateji nəticələrlə yadda qaldı. Dördgünlük döyüşlər nəticəsində düşmənin illərlə “keçilməz sədd” kimi təqdim etdiyi müdafiə xətti yarıldı, Füzuli, Cəbrayıl və Ağdərə istiqamətlərində 2000 hektardan artıq ərazi işğaldan azad edildi, Talış ətrafındakı yüksəkliklər, Seysulan məntəqəsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi nəzarətə götürüldü. Bu qələbə Azərbaycan Ordusunun istənilən anda qarşıya qoyulan tapşırıqları yüksək dəqiqliklə və peşəkarlıqla icra etmək gücündə olduğunu bir daha sübut etdi.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Aprel döyüşləri Azərbaycan xalqının qələbə əzmini və inamını özünə qaytardı. Bu döyüşlər bir daha nümayiş etdirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və öz torpaqlarını azad etmək əzmində qətiyyətlidir. Eyni zamanda, düşmən tərəfindən uzun illər formalaşdırılan “məğlubedilməz ordu” mifinin əsassız olduğu bütün dünyaya açıq şəkildə göstərildi.

Xüsusilə qeyd edilməlidir ki, Aprel döyüşlərində qazanılan uğurlar ölkəmizdə aparılan məqsədyönlü ordu quruculuğu siyasətinin nəticəsi idi. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan güclü ordu quruculuğu strategiyası sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yeni mərhələyə qədəm qoydu. Müasir silah və texnikanın alınması, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, hərbçilərin sosial təminatının yaxşılaşdırılması, peşəkar kadr hazırlığı və döyüş qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən islahatlar Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü orduları sırasına yüksəltdi.
Aprel döyüşləri həm də Böyük Zəfərə aparan yolun başlanğıcı oldu. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində əldə edilən möhtəşəm qələbə, eləcə də 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Bu, həm siyasi iradənin, həm güclü ordunun, həm də xalq–ordu birliyinin məntiqi nəticəsi idi.

Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri də Böyük Qayıdış prosesinin əsasını qoyması oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyat yenidən canlandı, illərlə doğma yurd həsrəti ilə yaşayan soydaşlarımız öz evlərinə qayıtmağa başladılar. Bu, işğaldan azad olunmuş torpaqlara qayıdışın mümkünlüyünü real şəkildə nümayiş etdirdi və xalqımızın gələcəyə inamını daha da artırdı.
Bu gün Böyük Qayıdış prosesi uğurla davam edir. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni şəhərlər və kəndlər salınır, müasir infrastruktur yaradılır. Artıq Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Şuşa, Ağdam, Xocalı, Xankəndi və digər yaşayış məntəqələri öz sakinlərinə qovuşur. Azad edilmiş torpaqlarımız sürətlə dirçələrək regionun ən inkişaf etmiş və gözəl guşələrindən birinə çevrilir.

Bütün bu uğurların əsasında güclü dövlət, qətiyyətli siyasi rəhbərlik, xalqımızın birliyi və ən əsası, qüdrətli Azərbaycan Ordusu dayanır. Bu gün də ordu quruculuğu prosesi ardıcıl şəkildə davam etdirilir, müasir çağırışlara uyğun olaraq Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti daha da artırılır, yeni hərbi birləşmələr yaradılır, ən son texnologiyalar tətbiq olunur.

Aprel döyüşləri Azərbaycan hərb tarixində qızıl hərflərlə yazılmış şanlı Zəfər salnaməsidir. Bu salnamə xalqımızın gücünün, iradəsinin və yenilməz ruhunun simvoludur. Bu qələbə gələcək nəsillər üçün vətənpərvərlik məktəbi, milli qürur mənbəyidir.
Bu şanlı tarixdə canlarını Vətən uğrunda fəda edən bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.
Bu gün qürurla deyirik: Aprel döyüşləri Böyük Zəfərin başlanğıcı, Böyük Qayıdışın müjdəçisi və Azərbaycanın sarsılmaz gücünün təntənəsidir. Millət vəkili Tamam Cəfərova belə deyib.



Seçilən
48
aia.az

1Mənbələr