AZ

Azərbaycan məktəblərində cinsi tərbiyə dərsi keçirilə bilər? Açıqlama

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar cinsi istismar halları, o cümlədən azyaşlıların bu kimi aktlara məruz qalması diqqət çəkir. Zaman-zaman məktəblərdə cinsi tərbiyə məzmunlu dərslərin keçirilməsi, şagirdlərin hələ orta məktəb dövründən bu istiqamətdə məlumatlandırılmasının zəruriliyi gündəmə gətirilir.

Globalinfo.az-a danışan Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva bildirib ki, son dövrlərdə ölkədə azyaşlıların cinsi istismara məruz qalması ilə bağlı halların daha çox ictimailəşməsi cəmiyyət olaraq üzləşdiyimiz ciddi boşluqları və ümumilikdə bu kimi məsələlərə münasibətdə biganəliyi açıq şəkildə göstərir:

“Problem yeni deyil, sadəcə artıq gizlədilə bilməyəcək həddə çatmasıdır. Eyni zamanda sosial şəbəkələr bu kimi hadisələrlə bağlı məlumatların geniş kütləyə çatdırılmasında müstəsna rola malikdir. Dediyiniz məsələyə emosional yox, sistemli yanaşma tətbiq etmək lazımdır. Elmi araşdırmalar göstərir ki, yaşa uyğun və düzgün qurulmuş maarifləndirmə uşaqlarda erkən və riskli davranışları təşviq etmir. Əksinə, onların özünüqoruma bacarıqlarını formalaşdırır, zorakılığı daha tez tanımasına və vaxtında reaksiya verməsinə imkan yaradır. Azərbaycan reallığında isə əsas problem məlumatın olmamasından daha çox, mövzunun tabu olaraq qalmasıdır. Uşaqlar təhlükəni tanımır, çünki onlara izah edilmir. Daha təhlükəlisi isə odur ki, baş verən hallarda susmaq üstün tutulur. Bu susqunluq istismarın davam etməsinə şərait yaradır. Bu baxımdan düşünürəm ki, məktəblərdə uyğun məzmunlu proqramların tətbiqi zəruridir. Lakin mövzunun proqrama hansı formada salınması məsələsi üzərində düşünmək lazımdır”.

Sona Əliyeva

Əməkdar müəllim deyib ki, əvvəllər yuxarı siniflərdə “Ailə” dərsi keçirilirdi:

“Adətən bu dərsləri həkimlər gəlib məktəbdə tədris edirdilər. Uşaqlara ailə strukturu, reproduktiv orqanlar, hamiləlik, doğum, cinsi xəstəliklər və s. haqqında məlumat verilirdi. Köhnə təcrübələrə əsaslansaq, “cinsi tərbiyə” adı altında bu kimi klassik dərslərin keçirilməsi doğru olmaz. Proqram daha geniş çərçivədə olmalıdır. Həyat bacarıqları, şəxsi sərhədlər və təhlükəsiz davranış kontekstini də əhatə etməlidir. Tədris mərhələli və yaşa uyğun şəkildə təşkil edilməlidir. İbtidai siniflərdə uşaqlara bədən toxunulmazlığı, “yaxşı və pis toxunuşlar”, “yox demək hüququ” kimi əsas anlayışlar aşılanmalı, yuxarı siniflərdə isə sosial təzyiq, manipulyasiya, onlayn təhlükələr, münasibətlər və hüquqi məsuliyyət kimi mövzular izah olunmalıdır”.

S.Əliyevanın fikrincə, burada əsas məqsəd informasiyanı ötürmək deyil, uşaqlarda özünüqoruma refleksini formalaşdırmaqdır:

“Eyni zamanda, bu proses müəllim hazırlığı və valideyn maarifləndirilməsi ilə paralel aparılmalıdır. Çünki valideyn və müəllim dəstəyi olmadan bu cür proqramların effektivliyi aşağı olur. Bilirsiniz, artıq sadəcə bu məsələni gündəmə gətirmək kifayət deyil. Düzgün qurulmuş, cəmiyyətin həssaslığını, illərdir formalaşmış stereotipləri nəzərə alan və praktik nəticəyə yönəlmiş yanaşma tətbiq olunmalıdır. Əks halda problem yenə də qalacaq, sadəcə müzakirə formatı bu və ya digər formada dəyişəcək”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
globalinfo.az

1Mənbələr