AZ

“Ermənistan ordusunun mənəvi-psixoloji çöküşündə Aprel döyüşlərinin həlledici rol oynadı” - ŞƏRH

“Ermənistan
"Aprel döyüşləri Azərbaycanın hərb tarixinin şanlı səhifələrindən biri hesab olunur". Bu barədə hərbi ekspert Ədalət Verdiyev 1news.az-a açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, 2016-cı ildə baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna sarsıdıcı zərbə vuraraq strateji əhəmiyyətli yüksəklikləri azad edib: “Aprel döyüşləri Azərbaycanın hərb tarixinin şanlı səhifələrindən biridir. Bu döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri Ermənistana sarsıdıcı zərbə vuraraq mühüm strateji əhəmiyyət daşıyan yüksəklikləri azad edib. Həmin yüksəkliklər 4 il sonra başlanan Vətən müharibəsi zamanı əks-hücum əməliyyatlarında platsdarm kimi istifadə olunub". Onun sözlərinə görə, bu döyüşlər Ermənistan ordusunun mənəvi-psixoloji durumuna da ciddi təsir göstərib: “2016-cı ilin Aprel döyüşləri Ermənistan ordusunun mənəvi-psixoloji baxımdan məğlub edilməsində çox vacib rol oynadı. Eyni zamanda, bu, Azərbaycan əsgərinin özünə inamını artırdı və düşmənin ən çətin müdafiə sədlərinin belə onun qarşısında tab gətirməyəcəyi düşüncəsini formalaşdırdı. Məhz Aprel döyüşlərində əldə olunan yüksəkliklər Vətən müharibəsi zamanı, xüsusilə ilk günlərdə Azərbaycanın əks-hücum əməliyyatları üçün mühüm əhəmiyyət daşıdı. Bu, eyni zamanda düşmənin müdafiə xəttinin birinci eşelonunun yarılması zamanı gözlənilən itkilərin minimuma endirilməsinə imkan verdi". Ekspert əlavə edib ki, Azərbaycan bu döyüşlər olmadan da qələbə qazana bilərdi, lakin itkilər daha çox ola bilərdi: “Onu da qeyd edim ki, Aprel döyüşləri olmasaydı belə, Azərbaycan 2020-ci ildə eyni nəticəni əldə edəcəkdi. Lakin bu, daha çox itkilərlə müşayiət oluna bilərdi. Aprel döyüşləri gələcək əməliyyatlarda həm şəxsi heyət, həm də silah-sursat itkilərinin azalmasında mühüm rol oynadı".

Qeyd edək ki, 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb.

Seçilən
9
1
1news.az

2Mənbələr