Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Yusif Mahmudov və oğlu Allahverdi Mahmudovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib, onların əməli Cinayət Məcəlləsinin 29,120.2.1 və 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 126.2.1-ci maddəsinə tövsif olunub və ata-oğulun hər birinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, 2023-cü ilin iyununda paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Yusif Mahmudov və oğlu Allahverdi Mahmudov yaşadığı evin həyətində yeznəsi - 1994-cü il təvəllüdlü Ağasəlim Məmmədovu bıçaqla vuraraq ona daxilə nüfuz edən 2 ədəd xəsarət yetirib. Yeznəsini bıçaqlayan Allahverdi Mahmudov və atası Yusif Mahmudov şübhəli şəxs qismində tutulub.
Onlara qarşı Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər 11 il 3 ay müddətində azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməmişdi.
Kamal Məmmədov