AZ

Göz səyirəndə qırmızı ip qoyulmasının əsası varmı? - AÇIQLAMA

Cəmiyyətdə əsrlər boyu formalaşmış inanclar və gündəlik ifadələr insanların davranışlarına və düşüncə tərzinə ciddi təsir göstərir. Xüsusilə “çox gülənin sonu ağlamaqdır, qırmızı rəngi öp!” və ya “göz səyirməsini keçirmək üçün qırmızı ip qoy” kimi deyimlərə inanılır və bir çox hallarda avtomatik şəkildə işlədilir və bəzən dini və ya mistik məna ilə əlaqələndirilir. Lakin onların nə dərəcədə doğru olduğu, dini baxımdan günah sayılıb-sayılmadığı və insan davranışına necə təsir etdiyi suallar doğurur.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənovun sözlərinə görə, belə ifadələr insanların bir-birlərindən öyrənib adət elədiyi sözlərdir.

Ya

O bildirib ki, belə ifadələrin arxasında hansısa dinə aid hökm yoxdur: “İlk növbədə qeyd edim ki, İslamda hər hansı bir sözün günah sayılması üçün onun ya açıq şəkildə Allaha şərik qoşulması, ya da batil inancı təsdiqləməsi lazımdır. Quranda buyurulur ki, “Əgər Allah sənə bir zərər toxundursa, onu Ondan başqa aradan qaldıran olmaz” (Ənam 17). Bu ayə çox açıq şəkildə göstərir ki, insanın başına gələn xeyir və ya şər müstəqil səbəblərlə deyil, Allahın iradəsi ilə baş verir. O ki, qaldı “qırmızını öp, ağlayarsan” və ya “göz səyirəndə qırmızı qoy” kimi ifadələr keçmişdən bəri nənə-babalarımızdan eşitdiyimiz və gördüyümüz davranışlardır. Özüm də bunu uşaq olanda həmişə nənəmgildən görüb-eşidirdim. Hətta mənim öz gözüm səyriyəndə belə uşaq vaxtı nənəmgil gözümün altına qırmızı sap və s.   məcbur etdirib qoydururdular və doğrudan da, bizə elə gəlirdi ki, gözümüzün səyirməsi getdi. Amma tam da getmirdi, yenə də qalırdı, bir inanc kimi bunu beynimizə yeridib həmin halın dəyişməsini özümüz beynimizdə idarə edə bilirdik. İndi isə artıq dərk edirik ki, insan bu sözləri, sadəcə, zarafat, adət və ya diqqət yayındırmaq kimi deyirsə, bu, heç də günah deyil. Amma bu sözlərə inanaraq, yəni doğrudan da, bir rəngin, bir əşyanın gələcək hadisələrə təsir etdiyini düşünərək deyiriksə, bu islam dini baxımından artıq etiqadi problemə çevrilir. Çünki bu halda səbəb Allahdan alınaraq başqa bir şeyə verilir. Bu isə İslam alimlərinin ifadəsi ilə xurafat və batil etiqad sayılır.

Peyğəmbər (s.ə.s) belə inancları aradan qaldırmaq üçün açıq şəkildə buyururdu ki, “uğursuzluq yoxdur”. Yəni insanın bəxtini, gələcəyini müəyyən edən hansısa əlamətlər, rənglər, təsadüfi hallar yoxdur. Bu, insanların qorxu və qeyri-müəyyənlik hissindən doğan psixoloji refleksdir. “Çox gülən sonra ağlayar” məsələsinə gəldikdə isə burada dini hökm yox, daha çox həyat müşahidəsi var. Peyğəmbər (s.ə.s) bir hədisində buyurur ki, “çox gülmək qəlbi öldürür”. Bu hədisin mənası budur ki, insan həddindən artıq laqeyd, ölçüsüz və məsuliyyətsiz şəkildə gülərsə, bu, onun daxili həssaslığını zəiflədir. İslam alimlərindən İmam Qəzali bunu belə izah edir ki, çox gülmək insanı düşünməkdən uzaqlaşdırır və qəlbin diriliyini azaldır. Amma bu o demək deyil ki, çox gülən mütləq sonra ağlayacaq. Bu, daha çox həyatın tarazlığı ilə bağlı müşahidədir. Psixologiyada da buna bənzər yanaşma var. İnsan emosional olaraq bir ifrata gedəndə, bəzən əks istiqamətdə tarazlanma baş verir. Yəni çox yüksək emosional haldan sonra eniş yaşana bilər. Amma bu, qanun deyil, sadəcə ehtimaldır”.

 

Ə. Həsənov qeyd edib ki, bu cür ifadələrin yaranmasının kökündə üç əsas səbəb var: “Birincisi, qədim inanclar və xalq arasında yayılan xurafat. İkincisi, insanların təsadüfləri səbəb kimi görməsi. Yəni bir dəfə güləndən sonra ağlayıbsa, bunu qanun kimi qəbul edir. Üçüncüsü isə psixoloji ehtiyacdır. İnsan qeyri-müəyyənliyi idarə etmək üçün belə “qaydalar” uydurur ki, guya gələcəyi nəzarətdə saxlasın. Bu sözləri adi ifadə kimi işlətmək günah deyil. Amma onları həqiqi təsir gücünə malik hesab etmək doğru deyil və İslam bunu qəbul etmir. Mömin insan səbəbləri inkar etmir, amma səbəbləri müstəqil güc kimi də görmür. Hər şeyin arxasında Allahın iradəsini görür və qəlbini belə xurafatlardan qoruyur. Bu yanaşma həm iman baxımından daha sağlamdır, həm də insanı qorxu və əsassız narahatlıqlardan azad edir”.

 

Şəhanə Quliyeva

Tarix: 2 Aprel 2026, 08:02   
Seçilən
10
1
pravda.az

2Mənbələr