Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətlərdə yeni bir fəsil başlamağa hazırdır.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Tbilisi meri Kaxa Kaladze ABŞ-nin dövlət katibi Marko Rubio ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında keçirilən telefon danışığını şərh edib.
O, Gürcüstanın ABŞ ilə münasibətlərə yeni yanaşma sərgilədiyini vurğulayıb.
“Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətləri yeni səhifədən başlamağa hazırdır. Bizə ağalar lazım deyil, bizə dostlar və tərəfdaşlar lazımdır”, – Kaladze bildirib.
O, gələcək əməkdaşlıqla bağlı gözləntilərini də bölüşüb:
“Aprel ayında müxtəlif tipli görüşlər planlaşdırılıb, həmçinin maraqlı xəbərlər olacaq. Bu, bütövlükdə ABŞ ilə münasibətlərə, gələcək tərəfdaşlığa və aramızdakı əlaqələrin dərinləşməsinə aiddir. Hazırkı mərhələdə daha ətraflı məlumat verməkdən çəkinirəm, gözləyək, hadisələrin inkişafı ilə hər şey aydın olacaq”.
Xuraman Etibarlı
İnterpress.az