AZ

Taksi fəaliyyəti dəyişir: sürücülər və daşıyıcı şirkətlər üçün yeni tələblər gəlir

Azərbaycanda sərnişin daşımaları sahəsində yeni dəyişikliklər gözlənilir. Prezident İlham Əliyev “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə 3 mart 2026-cı il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində mövcud qaydalara dəyişiklik etməli, xüsusilə qeyri-müntəzəm sərnişin daşımalarında istifadə edilən avtomobillərə dair tələbləri yenidən müəyyənləşdirməlidir. Bu dəyişiklik “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” sənədində öz əksini tapacaq.

QHT.az xəbər verrir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında bildirib ki, yeniliklərin əsas məqsədi sərnişinlərin daha təhlükəsiz və keyfiyyətli daşınmasını təmin etməkdir. Burada önəmli məqam sürücülərin tibbi sağlamlığıdır və reys qabağı yoxlanışların aparılması nəzərdə tutulur. Bundan əlavə, sərnişinlərin daşıyıcı şirkət tərəfindən sığortalanması məsələsi də gündəmə gəlir. Dövlət həm daşıyıcı şirkətlər, həm də sərnişin daşıyan sürücülər qarşısında yeni tələblər qoyur. Ekspert əlavə edir ki, dəyişikliklər təkcə avtomobillərin texniki vəziyyəti ilə məhdudlaşmayacaq. Avtomobillərin daxili və xarici görünüşü, komfort səviyyəsi və xidmət keyfiyyəti ilə bağlı standartlar da sərtləşdirilə bilər ki, bu da sürücülər üçün əlavə öhdəliklər deməkdir.

Qanundakı dəyişikliklər həm taksi fəaliyyəti göstərən sürücülərə, həm də qeyri-müntəzəm sərnişin daşımaları ilə məşğul olan şəxslərə şamil olunacaq. Fərdi qaydada işləyən sürücülərlə yanaşı, müxtəlif platformalar üzərindən fəaliyyət göstərən sürücülər də bu qaydalara tabe olacaq. Yeni qaydalar qüvvəyə mindikdən sonra sürücülər tibbi müayinədən keçəcək, avtomobillərin texniki baxışı daha ciddi nəzarətdə saxlanılacaq, sərnişinlər sığortalanacaq və müəyyən olunacaq standartlara uyğun fəaliyyət göstərəcək.

Son illərdə Azərbaycanda taksi fəaliyyəti ilə bağlı bir sıra mühüm dəyişikliklər həyata keçirilib. Taksi fəaliyyəti üçün xüsusi icazə sənədi tələb olunur və sürücülərin peşəkar hazırlığı, stajı və davranış qaydaları ilə bağlı tələblər ön plana çıxıb. Avtomobillərin yaşı və texniki vəziyyəti ilə bağlı məhdudiyyətlər tətbiq olunub. Bununla yanaşı, nağdsız ödənişlər genişləndirilib və mobil tətbiqlər üzərindən fəaliyyət daha şəffaf şəkildə izlənir. Sərnişinlərin təhlükəsizliyini artırmaq məqsədilə sürücülərin qeydiyyatı və məlumat bazasının formalaşdırılması prosesi gücləndirilib.

Ekspertlər hesab edir ki, yeni dəyişikliklər taksi sahəsində aparılan islahatların davamıdır və əsas məqsəd daha təhlükəsiz, şəffaf və keyfiyyətli sərnişindaşıma sisteminin qurulmasıdır. Eyni zamanda, bu tələblər bəzi sürücülər üçün əlavə maliyyə yükü yaradacaq. Yaxın aylarda qəbul ediləcək konkret qaydalar taksi sektorunda fəaliyyət göstərən minlərlə sürücünün iş prinsipinə birbaşa təsir edəcək. Həm sürücülər, həm də sərnişinlər üçün yeni mərhələ başlayır.

Afaq Mirayiq,
Musavat.com

Seçilən
21
50
qht.az

10Mənbələr