AZ

Şəhid anasının 70 illiyi qeyd olunub - FOTO

Yazını böyüt
Yazını kiçilt

Aprelin 1-də Şəki şəhərində Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi, şəhid Aqşin Abdullayevin anası, Əməkdar müəllim Dursun Cavadovanın 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Şəki -Zaqatala Regional Təhsil İdarəsinin və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Regional Təhsil İdarəsinin, YAP rayon təşkilatının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.

Hafta.az xəbər verir ki, bu barədə Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, yubiley tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

‎Tədbir iştirakçıları əvvəlcə Dursun Cavadovanın həyat və fəaliyyətinə həsr olunmuş videoçarxı izləyiblər.

Yubiley tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, təhsil işçiləri çıxış edərək, Dursun Cavadovanın şərəfli və mənalı ömür yolundan bəhs edib, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi fədakar xidmətlərindən söz açıblar. Qeyd olunub ki, Dursun müəllimə yüzlərlə şagirdin həyatında silinməz iz qoyub, onların bilikli, vətənpərvər və layiqli vətəndaş kimi formalaşmasında mühüm rol oynayıb. Dursun Cavadova yalnız peşəkar müəllim kimi deyil, həm də Vətənə igid övlad bəxş edən qəhrəman ana kimi də böyük hörmət və ehtiram qazanıb. Onun oğlu mayor Aqşin Abdullayev Vətən müharibəsində göstərdiyi şücaətlə şəhidlik zirvəsinə ucalaraq xalqımızın qürur mənbəyinə çevrilib. Çıxış edənlər bu ailənin həm müəllimlik ənənəsinin, həm də Vətənə sədaqətin ən ali nümunələrindən biri olduğunu vurğulayıblar.

Yubilyar, Əməkdar müəllim Dursun Cavadova çıxış edərək, ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, müəllimlik peşəsinin müqəddəs və məsuliyyətli olduğunu vurğulayaraq, gələcək nəsillərin savadlı, milli-mənəvi dəyərlərə bağlı və vətənpərvər ruhda yetişdirilməsinin vacibliyini qeyd edib.

Tədbirin sonunda Əməkdar müəllim Dursun Cavadovaya fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

‎ Yubiley tədbirinin bədii hissəsində müəllimlik peşəsinə və vətənpərvərlik mövzusuna həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim edilib.

Seçilən
25
3
hafta.az

4Mənbələr