AZ

Yağış yağdı, sistem çökdü Xırdalanın susuzluq hekayəsi

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xırdalanın yağışdan sonra susuz qalması artıq təkcə məişət problemi deyil. Bu, idarəetmə böhranının açıq göstəricisinə çevrilir. Güclü yağıntıların ardınca şəhərdə suyun kəsilməsi ilk baxışda texniki nasazlıq kimi görünə bilər. Amma məsələ ondadır ki, sakinlərin dəfələrlə etdiyi müraciətlərə baxmayaraq problemin aradan qaldırılmaması bu hadisəni sırf texniki çərçivədən çıxarır.

Xırdalan son illərdə sürətlə böyüyən, əhalisi artan yaşayış məntəqələrindən biridir. Yeni binalar tikilir, infrastruktur genişlənir, amma görünən odur ki, bu inkişaf su, kanalizasiya və digər əsas kommunal sistemlərlə paralel getmir. Yağış yağır və şəhər iflic vəziyyətə düşür. Bu, artıq təsadüf deyil, sistemli problemdir.

Sakinlərin etiraz olaraq yolu bağlaması isə vəziyyətin nə qədər kritik həddə çatdığını göstərir. İnsanlar səbəbsiz yerə küçəyə çıxmır. Su kimi elementar ehtiyacın qarşılanmaması onları məcbur edir ki, səsini daha sərt şəkildə çatdırsın.

Ən narahatedici məqam isə məsul qurumların reaksiyasının zəif və gecikmiş olmasıdır. Müasir şəhər idarəçiliyi yalnız problem yarananda reaksiya verməklə deyil, bu problemlərin qarşısını almaqla ölçülür. Xırdalan nümunəsində isə biz əksini görürük. Problem baş verir, böyüyür, ictimai narazılıq yaranır, amma konkret və şəffaf həll planı ortaya qoyulmur.

Bu hadisə bir daha göstərir ki, urbanizasiya yalnız binaların sayının artması ilə ölçülməməlidir. Əsl inkişaf insanların gündəlik həyat keyfiyyətində özünü göstərməlidir. Əks halda, hər yağışdan sonra eyni mənzərə ilə qarşılaşmaq qaçılmaz olacaq.

Xırdalan sakinlərinin su problemi bu günün mövzusudur, amma əslində bu, daha geniş sual odur ki, şəhərlərimizi planlayarkən insan faktorunu nə qədər nəzərə alırıq? Cavab tapılmasa, növbəti yağış yalnız torpağı deyil, problemləri də üzə çıxarmağa davam edəcək.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
bizimyol.info

1Mənbələr