Paytaxtın Qaradağ rayonunun Umbakı qəsəbəsi yaxınlığında Ceyrankeçməz çayı üzərində yerləşən və keçən il sel sularının dağıtdığı körpünün ətrafında təhlükəli vəziyyət yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirilib ki, sel nəticəsində uçmuş körpünü əvəz edən müvəqqəti yol bərpa olunacaq.
“Əvvəllər uçmuş körpünün yaxınlığında təşkil edilmiş müvəqqəti yol son günlərdə müşahidə olunan intensiv yağıntılar nəticəsində sel suları tərəfindən yararsız hala düşüb. Vətəndaşların hərəkəti alternativ yol mövcuddur və bu yol vasitəsilə təmin olunur, nəqliyyatın hərəkəti də bu istiqamət üzrə təşkil edilib. Hazırda suyun səviyyəsinin azalması gözlənilir. Su çəkildikdən dərhal sonra qeyd olunan müvəqqəti yolun bərpası istiqamətində müvafiq tədbirlər görüləcək”./Qafqazinfo