Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS OIC/SMIIC 9:2026 "Halal turizm xidmətləri. Ümumi tələblər" dövlət standartı qəbul edilib.
Yeni standart yerləşmə vasitələri, tur paketləri, turist bələdçiləri və halal turizmə dair digər turizm xidmətlərini əhatə edərək, səyahətçilər üçün nəzərdə tutulmuş halal turizm obyektlərində təqdim olunan məhsul və xidmətlərin idarə olunmasına dair əsas prinsipləri və tələbləri müəyyən edir.
Halal turizm standartının tətbiq edilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların halal xidmətlərin effektiv idarə olunması bacarığının gücləndirilməsi, İslam qaydalarına uyğun turizm məhsul və xidmətlərinin təqdim edilməsi, həmçinin müştəri tələblərinin qarşılanması və bununla da müştəri məmnuniyyətinin artırılmasıdır.
Qeyd edək ki, sözügedən standart "Turizm və əlaqədar xidmətlər" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 06) tərəfindən təqdim edilib və AZSTAND tərəfindən təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Yeni standartın qəbul olunması turizmə necə təsir edəcək?
Mövzu ilə bağlı “Cebheinfo.az” - a açıqlama verən turizm eksperti Ceyhun Aşurov bildirib ki, yeni standart bütün bu fəaliyyətləri vahid çərçivəyə salır, ümumi qaydalar müəyyən edir və bazarda daha şəffaf, anlaşıqlı mühit yaradır:

“Belə bir standartın hazırlanması və Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunması o deməkdir ki, turizm sahəsində çalışan müəssisələr və istifadə olunan məhsullar İslami qaydalara uyğun şəkildə təşkil olunacaq. Bu standartın tətbiqi ilə yanaşı, gələcəkdə sertifikatlaşdırma da nəzərdə tutulur.
Azərbaycanda artıq halal konseptlə işləyən restoran və otellər var. Amma indiyə qədər bunun vahid, rəsmi bir standartı yox idi.
Bu iş daha çox sahibkarların öz təşəbbüsü ilə görülürdü və onlar özlərini bazarda bu cür təqdim edirdilər. Müəyyən qaydalara əməl olunsa da, hamı üçün ortaq standart yox idi. İndi isə bu boşluq aradan qalxır və vahid yanaşma formalaşır ki, bu da müsbət haldır”.
Ekspert qeyd edib ki, Azərbaycanın turizm potensialı nəzərə alınarsa, bu addım xarici turistlər üçün də əhəmiyyətlidir:
“Ümumilikdə, İslam ölkələrindən Azərbaycana gələn turistlər var. Son vaxtlar müharibə ilə bağlı say bir qədər azalsa da, bu seqment yenə də mövcuddur.
İnsanlar artıq hansı müəssisənin həqiqətən halal standartlara uyğun fəaliyyət göstərdiyini daha rahat şəkildə müəyyən edə biləcəklər. Bu standartların tətbiqi isə həmin turistlərin daha rahat və məmnun qalmasına kömək edəcək”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər:
turist Ceyhun Aşurov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.