AZ

Misir mətbuatında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib

Qahirə, 1 aprel, AZƏRTAC

Misirin “əl-Əxbar əl-Məsai” nəşrində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyi tərəfindən təqdim edilmiş bəyanata istinad edilən məqalədə 1918-ci ilin martında Bakı Sovetinin və “Daşnaksütyun” partiyasının silahlı üzvləri tərəfindən həyata keçirilən soyqırımı tarixdə etnik təmizləmə siyasətinin ən dəhşətli nümunələrindən biri kimi qiymətləndirilir.

Məqalədə qeyd olunub ki, Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan kimi bölgələrdə planlı şəkildə həyata keçirilmiş hücumlar nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb.

Xüsusilə vurğulanıb ki, təkcə Quba bölgəsində 16 mindən çox insan öldürülüb, 167 kənd yerlə-yeksan edilib, həmçinin xalqın dini və mədəni irsinə ciddi ziyan vurulub.

Bəyanatda qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu hadisələr araşdırılsa da, respublikanın süqutu səbəbindən onlara tam hüquqi-siyasi qiymət verilməyib. Yalnız müstəqillik bərpa olunduqdan sonra ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə bu hadisələrə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

Sənəddə, həmçinin XX əsrin əvvəllərində başlanan bu siyasətin sonrakı dövrlərdə də davam etdiyi, o cümlədən Azərbaycan torpaqlarının işğalı zamanı törədilən qətliamlar, xüsusilə Xocalı soyqırımı ilə müşayiət olunduğu vurğulanıb.

Məqalədə qeyd edilib ki, Azərbaycan xalqı tarixin bu faciəli səhifələrini heç vaxt unutmayacaq və soyqırımı qurbanlarının xatirəsini daim ehtiramla yad edəcək.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
17
azertag.az

1Mənbələr