AZ

İcbari Tibbi Sığorta Agentliyi bağlanıb, yoxsa işləyir?

“Hazırda işimizdəyik, dəyişiklik yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Musavat.com-a bildirilib.

Qurumdan qeyd olunub ki, İdarə Heyətinin sədri də daxil olmaqla bütün əməkdaşlar fəaliyyətini davam etdirir:

“İki dövlət qurumunun birləşdirilməsi üçün 3 aylıq müddət müəyyənləşdirilib. Bu müddət başa çatdıqdan sonra struktur və kadr dəyişiklikləri ilə bağlı daha dəqiq məlumat veriləcək. Hazırda isə hər hansı dəyişiklik yoxdur. ‘Çağrı mərkəzi’ 24 saat fasiləsiz fəaliyyət göstərir, birləşmə prosesi paralel şəkildə davam etdirilir”.

Xatırladaq ki, Prezident İlham Əliyev martın 19-da imzaladığı fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edib. Fərmana əsasən, Agentlik və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi adlı yeni publik hüquqi şəxs yaradılıb. Yeni qurum icbari tibbi sığorta sisteminin tətbiqi, xidmətlər zərfi üzrə tibbi xidmətlərin maliyyələşdirilməsi, vəsaitlərin sığorta fondunda toplanması və idarə olunması kimi əsas funksiyaları öz üzərinə götürəcək. Bununla yanaşı, qurum dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı kimi çıxış edəcək, həmçinin əlilliyin müəyyən edilməsi və hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi sahələrində də fəaliyyət göstərəcək.

Eyni fərmanla əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində səlahiyyətlər və müvafiq müəssisələr bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilib. Yeni yaradılan agentliyə rəhbərlik isə 5 nəfərlik İdarə Heyəti – sədr və onun 4 müavini tərəfindən həyata keçiriləcək.

Digər mühüm dəyişikliklərdən biri də sığortaolunanların dərman və tibbi vasitələrlə təminatı ilə bağlıdır. Bu sahədə hüquq və öhdəliklər artıq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə ötürülüb.

Məlum olduğu kimi, TƏBİB 2018-ci ildə məhz İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış, 2023-cü ildən isə müstəqil dövlət qurumu kimi fəaliyyətini davam etdirir. Quruma rəhbərlik Müşahidə Şurası və İcraçı direktor vasitəsilə həyata keçirilir.

Seçilən
14
1
nocomment.az

10Mənbələr