AZ

Sərxan Hüseynov: "Region və Bakı klublarının məşqçilərinin maaşında kəskin fərq var" - MÜSAHİBƏ

Klub akademiyalarının inkişafı üzrə məşqçi mütəxəssis-koordinator olan AFFA nümayəndəsi Sərxan Hüseynov "Report"a müsahibə verib. Qurum rəsmisi ziyarət etdiyi klubların akademiyaları ilə bağlı son durum haqqında fikirlərini bölüşüb. O, həmçinin yeni, "5-Ulduz Akademiya İnkişaf Modeli"nin detallarını açıqlayıb.

– Növbəti mövsümdən tətbiq olunacaq "5-Ulduz Akademiya İnkişaf Modeli"nin əsas meyarları nələrdir və bu model klublar üçün hansı yenilikləri vəd edir?

– Meyarlar kifayət qədər genişdir və 100-dən çox göstəricini əhatə edir. Onların hamısını burada sadalamaq mümkün deyil, lakin əsas istiqamətləri qeyd edə bilərəm. Əsas prioritet akademiyaların strategiyası və idarə edilməsidir. Bu çərçivədə akademiyalar öz idarəetmə bacarıqlarını inkişaf etdirməyə təşviq olunacaqlar. Növbəti mühüm istiqamət struktur və insan resurslarıdır. Akademiyaya cəlb olunan mütəxəssislər və qurulan proseslər elə təşkil edilməlidir ki, nəticədə meydandakı oyunçunun inkişafına birbaşa müsbət təsir göstərsin. Aparıcı akademiyalarda yanaşma belədir ki, hətta ən kiçik rol belə oyunçu inkişafına təsir edə bilər. Digər vacib meyar məşq prosesi və oyunçu inkişafıdır. Bura məşq planlaması və yaşa uyğun məzmunların real tətbiqi daxildir. Bəzən kağız üzərində yüksək səviyyəli proqramlar mövcud olur, lakin meydanda tamamilə fərqli məşqlər keçirilir. Digər hallarda isə keyfiyyətli məşqlər aparılsa da, bu proseslər sənədləşdirilmir. Nəticədə analitik məlumatlara əsaslanan qərarların verilməsi çətinləşir və bu da inkişaf prosesinə mənfi təsir göstərir. Bu baxımdan metodoloji ardıcıllıq, sessiyaların keyfiyyəti və intensivliyi, həmçinin hər bir oyunçu üçün fərdi inkişaf planlarının mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Mühüm istiqamətlərdən biri də fiziki hazırlıq və yüklənmənin düzgün idarə olunmasıdır. Hazırda ölkəmizdə uşaq və gənclər futbolunda əsas problemlərdən biri fiziki hazırlığın yetərincə sistemli qurulmamasıdır. Bundan əlavə, videotəhlil və geribildirim mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Digər bir vacib komponent oyunçu yolu, yarış mühiti və keçid mərhələləridir. Oyunçunun bir yaş qrupundan digərinə keçidi konkret və ölçülə bilən meyarlara əsaslanmalıdır. Hazırda bu proseslər çox vaxt qeyri-formal şəkildə həyata keçirilir, lakin məqsədimiz bunu aydın, yazılı kriteriyalarla tənzimləməkdir. Bütün bunlarla yanaşı, infrastruktur, oyunçuların rifahı, maliyyə dayanıqlılığı və bilik paylaşımı da modelin ayrılmaz hissəsidir. Xüsusilə məşqçilərin daxili təlimlər vasitəsilə davamlı inkişafı təşviq olunmalıdır. Ümumilikdə modelin əsas çərçivəsi bu istiqamətlərdən ibarətdir, lakin onun daxilində çoxsaylı detallı meyarlar mövcuddur.

– Apardığınız fərdi qiymətləndirmə prosesində klub akademiyalarının hazırkı vəziyyətini 10 ballıq şkala ilə necə dəyərləndirərdiniz?

– İlk növbədə qeyd edim ki, hələ rəsmi qiymətləndirmə prosesi həyata keçirilməyib. Heç bir akademiya üzrə hər hansı meyara əsaslanan balla qiymətləndirməyə başlamamışıq. Ümumiyyətlə, modelimizdə "10 ballıq şkala" anlayışı mövcud deyil. Yaxın günlərdə mətbuatda açıqlanmış akademiyaların reytinq cədvəli əslində daxili istifadə üçün tərtib olunub, simulyativ xarakter daşıyırdı və reallığı tam əks etdirmir. Ziyarətlər zamanı toplanmış məlumatlar daha çox akademiyaların yeni "5 ulduz modeli"nin tətbiqi üçün qaydaların hazırlanmasında istifadə olunur və çox faydalıdır. Hazırda bu qaydaların hazırlanması üzrə iş davam etməkdədir. İnanırıq ki, növbəti mövsümdən qaydalar təsdiqlənəcək və AFFA-nın uşaq və gənclər liqalarında çıxış edən bütün akademiya, klub və komandalar üçün tətbiq olunacaq. İlkin mərhələdə, təbii ki, proses Premyer Liqada çıxış edən klubların akademiyalarını əhatə edəcək və məhz buna görə də biz ziyarətləri bu klublardan başlamışıq. Eyni zamanda, yuxarıda qeyd etdiyim şərti reytinq də ilk olaraq həmin klubların rəhbərlərinə Klublar Komitəsinin iclası zamanı tərəfimdən təqdim olunub. Lakin bir daha qeyd etmək istərdim ki, bu reytinq çox şərti idi və ictimaiyyət üçün açıqlanması planlaşdırılmayıb. Ona görə yox ki, biz nəyisə gizlədirik. Əksinə, bu sənəd reallığı tam əks etdirmir. Eyni zamanda, sistemin tətbiq olunmasından sonra, növbəti mövsümün sonunda biz AFFA olaraq sertifikasiyadan keçəcək bütün akademiya və komandaların reytinqini, onlar tərəfindən əldə olunmuş ulduz dərəcələrini rəsmi şəkildə açıqlayacayıq.

- Son vaxtlarda bu proseslə bağlı fəaliyyətiniz nədən ibarət olub?

- Son dörd ay ərzində əsas məqsədimiz növbəti mövsümdən tətbiq olunacaq "5-Ulduz Akademiya İnkişaf Modeli"nin adaptasiyası, mövcud ehtiyacların müəyyənləşdirilməsi və akademiyalarda hansı işlərin düzgün, hansılarının isə inkişaf tələb etdiyini federasiya səviyyəsində aydınlaşdırmaq olub. Bu məqsədlə akademiyalara səfərlər həyata keçirmişik. Hər bir akademiya üzrə təxminən 20-30 səhifəlik fərdi hesabat hazırlanıb və bütün bəndlər üzrə ətraflı şəkildə akademiyalara təqdim olunub. Bu prosesdə əsas məqsəd akademiyaları əvvəlcədən hazırlamaqdır ki, rəsmi qiymətləndirmə mərhələsi başlayanda onlar sürprizlərlə qarşılaşmasınlar. Eyni zamanda, bu hesabatlar akademiyalar üçün praktik inkişaf yol xəritəsi rolunu oynayır. Növbəti mövsümdə akademiyalardan fərqli və ya əlavə tələblər gözlənilməyəcək – qiymətləndirmə məhz bu hesabatlarda əks olunan meyarlar əsasında aparılacaq.

– Ziyarətlər zamanı klubların daha çox hansı sahələrdə ciddi çatışmazlıqları üzə çıxdı?

– Aydın oldu ki, əsas problem infrastruktur deyil. Şübhəsiz ki, infrastrukturun daha da yaxşılaşdırılmasına ehtiyac var, lakin yalnız bir neçə klub istisna olmaqla, bu məsələ həlledici amil kimi önə çıxmır. Məsələn, İmişlidə hazırda, demək olar ki, infrastruktur mövcud deyil – əvvəl istifadə olunan bazanın itirilməsi nəticəsində cəmi 60x40 ölçülü beton örtüklü sahə qalıb. Digər tərəfdən, akademiyalarımızın əksəriyyəti böyük deyil – hər birində təxminən 150–250 oyunçu var. Müqayisə üçün deyim ki, 10 il Finlandiyada çalışmışam, əsas məşqçilik fəaliyyətim "Honka" klubu ilə bağlıdır. Bu klub elita təmsilçisi olmasa da, 1600 qeydiyyatlı oyunçusu var idi və cəmi 3 standart ölçülü meydan ilə fəaliyyət göstərirdi. Bu baxımdan bizim şəraitdə 200 oyunçu üçün bir stadionun mövcudluğu kifayət qədər adekvatdır. Müəyyən hallarda işıqlandırma ilə bağlı problemlər mövcuddur ki, bu da xüsusilə qış aylarında məşq saatlarının məhdudlaşmasına səbəb olur. Lakin əsas çətinlik və inkişaf üçün əsas maneə məşqçilərin özünüinkişaf imkanlarının məhdudluğudur. Hazırda məşqçilər üçün bir lisenziya mərhələsindən digərinə qədər olan dövrdə sistemli inkişaf resursları kifayət qədər deyil. Halbuki məşqçilik elə bir peşədir ki, davamlı öyrənmə və gündəlik inkişaf tələb edir. Ölkəmizdə həm Premyer Liqada, həm də aşağı liqalarda kifayət qədər keyfiyyətli məşqçilər var. Əsas məsələ onlara uyğun resursların təqdim olunması və davamlı özünüinkişaf mühitinin formalaşdırılmasıdır.

– Müəyyən edilən ehtiyaclara uyğun olaraq, AFFA klublara konkret hansı praktik dəstək tədbirlərini göstərməyi planlaşdırır?

– Dəstək mexanizmlərimizi prioritet istiqamətlər üzrə müəyyənləşdirmişik. İlk növbədə "Akademiya direktoru" kursunun təşkili nəzərdə tutulur. Bu proqram təxminən 8–9 ay davam edəcək və əsas məqsəd akademiya direktorlarının idarəetmə bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsidir. Bununla yanaşı, akademiyalarda müəyyən proqramların – məsələn, fərdi inkişaf planlarının və performans qiymətləndirmə sistemlərinin hazırlanması üçün vaxt və ya kadr resursları kifayət etmədikdə, biz bu proseslərdə onlara metodiki və praktiki dəstək göstəririk. Eyni zamanda, hər ay bir klubun ev sahibliyi ilə bütün akademiya direktorları və koordinatorlarının iştirakı ilə görüşlər təşkil olunacaq. Bu görüşlər çərçivəsində uşaq futbolunda aktual problemlər müzakirə ediləcək və onların həlli üçün konkret yanaşmalar formalaşdırılacaq. Digər dəstək mexanizmləri də mövcuddur, lakin hazırkı mərhələdə onların hamısını mediada açıqlamaq məqsədəuyğun deyil.

– Müzakirələr zamanı klub rəhbərlərinin bu inkişaf modelinə münasibəti necə oldu?

– Bütün klub rəhbərləri ilə keçirilən görüşlərdə birbaşa iştirak etməmişəm, lakin hesabatı Klublar Komitəsinin iclasında təqdim etmişəm. Ümumilikdə iştirakçıların rəyi çox müsbət olub və prosesi dəstəkləyirlər. Bəzən fərdi görüşlərdə müəyyən məqamlarla bağlı razılıq əldə olunmasa da, biz onlara izah edərək vəziyyəti aydınlaşdırırıq. Gələn il audit işlərinin həyata keçirilməsinə bir neçə nəfər məsul olacaq. Hazırda isə bu il üçün proseslərin icrasını öz üzərimə götürmüşəm.

- Klublarımız bu yeniliklərə nə dərəcədə hazırdırlar?

- Akademiya rəhbərləri ilə görüşlərdə onların çox hazırlıqlı və mövzuya maraqlı olduqlarını müşahidə edirəm. Əlbəttə, bəzi narahatlıqlar var – məsələn, "bəzilərini Azərbaycanda etmək çətindir, reallıqları nəzərə almaq lazımdır" kimi fikirlər var. Mən də onlara bildirirəm ki, reallıqlar var və onları nəzərə almaq vacibdir. Lakin inkişaf və irəliləyiş istəyiriksə, bəzi reallıqları özümüz dəyişməliyik. Avropanın yüksək inkişaf etmiş akademiyalarında reallıqlar fərqlidir və biz hər şeyi sırf öz reallıqlarımıza uyğun etməyəcəyik, əksinə, daha cəsarətli addımlar ataraq mövcud reallıqları dəyişəcəyik. Hər şeyi köhnə qaydada saxlamaq artıq mümkün deyil. Ümumilikdə akademiya direktorları bu dəyişikliklərə çox müsbət yanaşırlar.

- AFFA-da akademiyaların "Ehtiyacların Təhlili və Dəstək Prosesi"nə qoşulmağınız necə baş verib?

- Uzun illər Finlandiyada fəaliyyət göstərmişəm və bu müddət ərzində AFFA əməkdaşları ilə peşəkar səviyyədə davamlı əlaqələr qurmuşam. Akademiya strukturları və beynəlxalq təcrübələr barədə mütəmadi fikir mübadiləsi aparırdıq. Akademiyaların sistemli qiymətləndirilməsi ideyası formalaşdıqdan sonra mənimlə əlaqə saxlanıldı və bu istiqamətdə mümkün əməkdaşlıq müzakirə olundu. Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüş keçirildi. Bu görüşdə prosesin məqsədləri, çərçivəsi və gözləntiləri detallı şəkildə izah olundu. Nəticədə "Ehtiyacların Təhlili və Dəstək Prosesi" çərçivəsində akademiyaların qiymətləndirilməsi üzrə məsuliyyət mənə həvalə edildi. Burada təkcə məşqçilik təcrübəm deyil, həm də akademik bazanın və beynəlxalq idarəetmə metodologiyasının sintezi rol oynadı. Məşqçi təhsilimə Finlandiya Futbol Assosiasiyasında başlamışam və UEFA A lisenziyasını Şotlandiya Futbol Assosiasiyasında almışam. Bu təcrübə mənə fərqli futbol mühitlərini və struktur yanaşmaları müqayisəli şəkildə öyrənmək imkanı verib. Eyni zamanda, Finlandiyada İdman Menecmenti və İdman Məşqçiliyi üzrə ikili ixtisas üzrə təhsil almışam. Bu təhsil çərçivəsində kompleks sistemlərin qurulması, monitorinqi və qiymətləndirilməsi metodologiyalarını dərindən mənimsəmişəm. Praktiki tərəfdən isə "Honka"nın akademiyasındakı fəaliyyətim xüsusi rol oynayıb. Bu akademiya Finlandiyanın ən strukturlaşmış sistemlərindən biridir və oyunçuların davamlı inkişafını təmin edən modelə malikdir. Bu mühitdə çalışmaq mənə akademiya strukturunun qurulması, performansın ölçülməsi və oyunçu yolunun planlaşdırılması proseslərini praktik olaraq öyrənmək imkanı verib. Beləliklə, əldə etdiyim təhsil və praktiki təcrübə mənə akademiyalara yalnız meydan baxımından deyil, həm də struktur idarəçiliyi və uzunmüddətli sistem planlaşdırması prizmasından kompleks yanaşmaq imkanı verir.

– Ehtiyacların təhlili və dəstək prosesi Azərbaycan futbolunda uşaq və gənclər sisteminin peşəkarlaşmasına necə təsir göstərəcək?

– Birbaşa təsir göstərəcək, çünki proses tamamilə uşaq və gənclər futboluna, onlara verilən təhsilin və məşqlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib. Bütün detallar – videotəhlil, sənədləşmə, metodika məhz bu məqsədə xidmət edir. Az öncə müzakirə etdiyimiz məqamlar da bunun spesifik detallarıdır. Yeganə hədəfimiz uşağın futbola başladığı ilk yaşdan peşəkar səviyyəyə qədər olan günlük məşq prosesinin ən yüksək keyfiyyətdə təşkil olunmasıdır.

– Qiymətləndirmə nəticəsində ulduz ala bilməyən və ya zəif görünən akademiyalar üçün sanksiyalar, ya da hər hansı yol xəritəsi nəzərdə tutulub?

– Xeyr, heç bir sanksiya tətbiq olunmayacaq. Modelimiz 0,5-dən 5-ə qədər ulduz sistemi əsasında qurulub. Bir akademiya 3 ulduza layiq deyilsə, ona 1,5 və ya 2 ulduz veriləcək. Hər ulduzun konkret kriteriyaları mövcuddur. Bir klub 1,5 ulduz alarsa, biz ona növbəti illərdə potensialına uyğun olaraq 2,5 və ya 3 ulduz qazanmaq üçün hansı addımları atmalı olduğunu göstərən dəqiq yol xəritəsi təqdim edəcəyik.

– Bir mütəxəssis-koordinator kimi region klubları ilə paytaxt klublarının akademiyaları arasında inkişaf səviyyəsi baxımından kəskin fərqlər müşahidə etdiniz?

– Kəskin fərqlər müşahidə etmədim. Əslində, bu fərqləri görsəydik, daha yaxşı olardı, çünki bu, inkişafın dinamikasını göstərərdi. Hazırda akademiyalarda futbolçu sayı təxminən eynidir – 150–250 aralığında dəyişir. Bəzi klublarda ödənişli qrupların mövcudluğu müsbət haldır, çünki bu, kütləviliyi artırır. Ən böyük fərq isə məşqçilərin maaşlarında müşahidə olunur. Region və Bakı klubları arasında kəskin maaş fərqi var. Biz təşviq edirik ki, məşqçilərin maaşları yaxşı olsun, çünki məşqçinin rifahı birbaşa məşqin keyfiyyətinə təsir göstərir. Bütün bu yeni prosesin əsas məqsədi məşq prosesinin keyfiyyətini yüksəltməkdir və məşqçilərin rifahı bunun vacib bir komponentidir.

Seçilən
14
far.az

1Mənbələr