AZ

Elvindən özünü məhvə sürükləyən qərar... – etmə, eləmə, qardaş!

Elvin Cəfərquliyev...
“Futbol+”in 2025-ci ilin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun qalibi olan müdafiəçi “Qarabağ”ın heyətində Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunda “Kopenhagen”ə qarşı keçirilən oyunda da yaxşı sayıldı. Elvin dünən növbəti uğurunu qazandı. Dəqiq desək, “FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində millimizin heyətində Syerra Leoneyə qarşı forma geyən oyunçu bu turnirin ən yaxşı futbolçusu seçildi.
Göründüyü kimi, Elvin ötən il gerçəkləşdirdiyi uğurlu çıxışı bu il də davam etdirir. Belə davam etsə, 2026-cı il üçün də ölkənin ən yaxşı futbolçusu seçiləcək. Əlbəttə, belə futbolçunun legioner həyatı yaşaması, təcrübəsini artırması, karyerasının zirvəsinə çatması bir yana, yığmaya daha çox fayda verər. Bəs, o nə edir?
Deyilənə görə, Elvin gələn təkliflərdən imtina edərək “Qarabağ”da qalmağa razılıq verib. Maaşı da artırılıb. Halbuki karyerasının bu dönəmində ən düzgün seçim ölkəmizi xarici klublardan birində təmsil etmək idi. Xatırlayırsızsa, o vaxt “Futbol+”in soğrusunda 2024-cü ilin ən yaxşısı seçilən Toral Bayramova da legioner həyatı yaşamaq vaxtının çatdığını demişdik. Lakin “köhlən atlar”ın şərəfini qorumaqda maraqlı olan futbolçu həm rəqabətdə Elvinə uduzdu, həm də formadan düşdü. İndi heç cür toparlana bilmir. Qorxuruq, Elvin də həmin aqibətlə üzləşsin. Axı onsuz da legioner limitinin ləğv olunduğu premyer-liqada yerli oyunçuların kənarda qalması an məsələsidi.
Hə, Elvin, tök daşı ətəyindən! Səsin başqa ölkələrdən gəlsin, qardaş!
KƏNAN BAHADIR

Seçilən
36
1
football-plus.az

2Mənbələr