Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a Valday Müzakirə Klubu və Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun Rusiya-Özbəkistan konfransının kənarında verdiyi müsahibədə bildirib ki, ABŞ Kiyevin Moskva ilə güzəştə getməsi üçün razılığını təmin etmək üzərində işləyir.
Moskva hesab edir ki, ABŞ-Rusiya-Ukrayna arasında üçtərəfli format çərçivəsində dialoq aparmaq lazımdır.
Ölkə.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
"Biz hesab edirik ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın ötən ilin 15 avqustunda Alyaskada keçirilən zirvə görüşü zamanı əldə etdikləri qarşılıqlı anlaşmalara əsaslanaraq, bu üçtərəfli format çərçivəsində dialoq aparmaq lazımdır", - nazir müavini vurğulayıb.
Diplomat qeyd edib ki, amerikalılar münaqişənin həlli ilə bağlı müəyyən kompromis ideyaları irəli sürüblər: “Biz bu ideyaları qəbul etdik və razılaşdıq. Bu ideyaların əhəmiyyəti ondadır ki, onlar əsas məsələlərə, xüsusən də münaqişənin ilkin yaranma səbəblərinə və onların həlli zərurətinə, eləcə də yerdəki vəziyyətə yönəlib. İndi vəzifə amerikalıların Ukrayna tərəfinin bu təkliflərə razılığını təmin etməsidir. Bildiyimiz qədər amerikalılar hazırda Kiyevlə bu istiqamətdə işləyirlər".
Qaluzin onu da xatırladıb ki, Vladimir Zelenski öz növbəsində Donbasdan qoşunları çıxarmaq niyyətində deyil. "Bu, Alyaskada əldə edilən razılaşma deyil. Beləliklə, biz Amerika tərəfinin hazırda Kiyevlə Ankoric razılaşmasına nail olmaq üzərində işləyirlər", - rusiya nazir müavini deyib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də ötən gün bildirib ki, Moskva Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsini tələb edərək, əks halda, sülh danışıqlarının şərtlərini daha da sərtləşdirəcəyi ilə hədələyir:
“Bu mesaj mənə amerikalı vasitəçilər tərəfindən çatdırılıb. ABŞ tərəfi Ukraynaya təhlükəsizlik zəmanətlərini yalnız ordunun Donbasdan tam çıxarılmasından sonra verməyi müzakirə edir. Lakin bu format işləməyəcək və Ukrayna öz ərazilərindən könüllü imtina etməyəcək. Rusiya Donbasdan çıxmaq üçün bizə 2 ay vaxt verib”, - Zelenski qeyd edib.
Mürtəza