Bakı, 1 aprel, AZƏRTAC
Martın 20-dən 30-dək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhəri üzrə təcili tibbi yardım xidmətinə bu tarixlərdə 22 min 922 çağırış daxil olub. Çağırışlar üzrə 2107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Eyni zamanda, 59 region üzrə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 min 129 çağırış daxil olub. Həmçinin 2059 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.
Bakı şəhəri üzrə ən çox müraciət martın 21-də qeydə alınıb. Belə ki, müraciət sayı 2255, hospitalizasiya olunanların sayı 243 nəfər təşkil edib.
Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji, respirator və digər xəstəliklərlə bağlı olub.