AZ

Bakının yeni xarici siyasəti: sərt dönüş, yoxsa korrektə?

Deputat: “Daha məntiqli ssenari mövcud kursun saxlanılması və dəyişən təhlükəsizlik mühitinə uyğun incə tənzimləmələrin aparılmasıdır”

İranda davam edən hərbi qarşıdurma fonunda Azərbaycan kimi həm coğrafi, həm də siyasi baxımdan həssas mövqedə yerləşən ölkənin xarici siyasət davranışı xüsusi diqqət mərkəzinə çevrilir. Sual ondan ibarətdir ki, anti-Qərb əhval-ruhiyyəsinin artdığı bir ssenaridə Bakı xarici siyasət kursunu dəyişəcəkmi, yoxsa mövcud xətti qoruyaraq yalnız taktiki korrektələrlə kifayətlənəcək?

Əslində Azərbaycanın son illərdə formalaşdırdığı xarici siyasət modeli kifayət qədər aydındır - balanslaşdırılmış, praqmatik və çoxvektorlu yanaşma. Bu model ölkəyə eyni anda fərqli güc mərkəzləri ilə işləmək imkanı verib - Türkiyə ilə strateji müttəfiqlik, İsraillə təhlükəsizlik əməkdaşlığı, Rusiya ilə siyasi dialoq, Qərblə enerji tərəfdaşlığı və İranla qonşuluq münasibətləri. Məhz bu səbəbdən İran müharibəsi Bakını müəyyən seçim qarşısında qoysa da, kəskin geosiyasi dönüş ediləcəyi ehtimalı real deyil. Daha real ssenari - mövcud xəttin saxlanılması ilə paralel, vəziyyətə uyğun incə tənzimləmələrin aparılmasıdır.

Vüqar

Vüqar İskəndərov

“Son həftələrdə İran ətrafında baş verən hərbi-siyasi proseslər regionda təhlükəsizlik balansını ciddi şəkildə sarsıdıb. Belə bir mürəkkəb və dəyişkən geosiyasi şəraitdə Azərbaycanın xarici siyasət kursunun hansı istiqamətdə inkişaf edəcəyi məsələsi xüsusi aktuallıq qazanır”. Bu fikirləri “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, ölkəmizin yürütdüyü diplomatik model artıq aydın konturlara malikdir və bu model balanslaşdırılmış, praqmatik və çoxvektorlu yanaşmaya əsaslanır: “Məhz bu yanaşma Azərbaycanın eyni vaxtda müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq etməsinə imkan yaradıb. Mövcud reallıqlar göstərir ki, yaxın perspektivdə Azərbaycanın xarici siyasətində kəskin və strateji dönüş ehtimalı real görünmür. Daha məntiqli ssenari mövcud kursun saxlanılması və dəyişən təhlükəsizlik mühitinə uyğun incə adaptiv tənzimləmələrin aparılmasıdır. Yəni balans siyasəti bundan sonra da davam etdiriləcək, lakin daha həssas və ehtiyatlı formatda tətbiq oluna bilər. Belə deyək, Azərbaycan uzun illərdir ki, İsraillə hərbi-texniki əməkdaşlıq həyata keçirir və bu xəttin birdən-birə dayandırılması nə praktiki, nə də strateji baxımdan real seçim deyil. Bununla belə, İran ətrafında mümkün hərbi gərginlik fonunda bu əməkdaşlığın daha az nümayişkaranə şəkildə, daha çox "sakit diplomatiya" formatında davam etdirilməsi mümkündür. Rəsmi Bakı eyni zamanda İranla münasibətlərdə ritorikanın yumşaldılmasına və açıq qarşıdurma xarakterli bəyanatlardan uzaq durmağa çalışacaq. Bu yanaşma həm milli təhlükəsizlik, həm də daxili sabitliyin qorunması baxımından əhəmiyyətlidir. Hesab edirəm ki, anti-Qərb sentimentinin artdığı bir dövrdə Azərbaycan üçün əsas meyar ideoloji bloklaşma deyil, milli maraqların praqmatik şəkildə təmin olunmasıdır. Yəni Bakı nə Qərblə körpüləri yandırmaq, nə də hər hansı digər güc mərkəzinə şərtsiz şəkildə tabe olmaq niyyətindədir".

V.İskəndərov vurğulayıb ki, mövcud geosiyasi proseslər Azərbaycanın xarici siyasətində radikal dəyişikliklərdən daha çox praqmatik tənzimləmələrə səbəb ola bilər: “Bakı üçün prioritet əvvəlki kimi beynəlxalq sistemdə çoxvektorlu mövqeyini qorumaq, riskləri minimuma endirmək və milli maraqları maksimum səviyyədə təmin etməkdir”.

CROSSMEDIA

Mübariz Göyüşlü

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlünün fikrincə, İran müharibəsi dünya miqyasında geosiyasi proseslərə, dövlətlərin, beynəlxalq təşkilatların siyasətlərinə müəyyən korrektə və redaktələrin edilməsinə gətirib çıxara bilər: “Çünki hazırda proseslər olduqca intensiv və mürəkkəb xarakter daşıyır. Bu baxımdan, müharibənin sonunda vəziyyətin 28 fevraldan əvvəlki kimi qalacağını düşünmürəm. Dəyişikliklərin hansı formatda baş verəcəyini zaman göstərəcək və dövlətlər, eləcə də onların üzv olduqları regional və beynəlxalq təşkilatlar öz siyasətlərini bu reallıqlara uyğun şəkildə tənzimləyəcəklər.

Baş verənlər təbii olaraq, Azərbaycana da aiddir, hətta deyərdim ki, xüsusilə aiddir. Çünki İran Azərbaycanın cənub qonşusu və regionun böyük dövlətlərindən biridir. Eyni zamanda İsraillə də sıx əməkdaşlığımız mövcuddur. Buna görə də baş verən hadisələrin Azərbaycandan yan keçməsi mümkün deyil. Rəsmi Bakının bu məsələlərə hansı formada reaksiya verəcəyi və davranış modelini necə quracağı zamanla aydınlaşacaq. Lakin hesab etmirəm ki, bu müharibə Azərbaycanın xarici siyasətində köklü və ya radikal dəyişikliklərə səbəb olacaq. Əksinə, ölkəmiz mövcud balanslaşdırılmış siyasət kursunu davam etdirməyə üstünlük verə bilər. Fikrimcə, ABŞ-İsrail cütlüyü ilə münasibətlərdə onların beynəlxalq hüququ tapdaq altına alan siyasətlərindən uzaq olmaq lazımdır. Bütün bunların fonunda qeyd etmək lazımdır ki, Azərbaycan hazırda olduqca gərgin geosiyasi mühitdə yerləşir. Buna rəğmən müsbət haldır ki, ölkəmiz bu müharibədən ehtiyatlı və strateji yanaşma ilə kənarda qala bilir. Müəyyən istisnalara baxmayaraq, ümumi mənzərəni nəzərə alsaq, ətraf ölkələrlə müqayisədə sabitliyin qorunması özü böyük nailiyyətdir. Bu sabitliyin daimi olacağına zəmanət yoxdur. Gələcəkdə Azərbaycan müxtəlif formalarda qarşıdurmaya cəlb edilə və ya istəmədiyi halda təcavüzlə üzləşə bilər. Bu kontekstdə Türk Dövlətləri Təşkilatının rolu xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Qərb dövlətlərinin Azərbaycanı müdafiə etməsi real görünmür və buna gərək də yoxdur. Çünki onların “müdafiə etdiyi” Ukraynanın taleyini görürük. Mövcud beynəlxalq təcrübə göstərir ki, belə müdafiə mexanizmləri hər zaman effektiv olmur.

Bu səbəbdən Türk Dövlətləri Təşkilatı platformasının daha da gücləndirilməsi vacibdir. Bu istiqamətdə əsas məsuliyyət Azərbaycan və Türkiyənin üzərinə düşür. Mərkəzi Asiya türk dövlətlərinin bu prosesə daha fəal şəkildə cəlb edilməsi və təşkilat daxilində inteqrasiyanın dərinləşdirilməsi prioritet olmalıdır. Perspektivdə Türk Dövlətləri Təşkilatının regional platformadan qlobal təsir imkanlarına malik bir gücə çevrilməsi hədəflənməlidir. Bu platforma üzv dövlətlər üçün həm siyasi, həm də təhlükəsizlik baxımından etibarlı bir əməkdaşlıq məkanı rolunu oynamalıdır".

Ekspert dedi ki, hazırda əsas prioritet ilk növbədə təşkilat daxilində inteqrasiyanın gücləndirilməsi olmalıdır: “Bundan sonra yeni üzvlərin cəlb olunması ilə ümumi potensial daha da artırıla bilər. Nəticə etibarilə, Türk Dövlətləri Təşkilatı vahid təhlükəsizlik məkanı kimi formalaşmalı, üzv dövlətlərin təhlükəsizliyinin təminatında mühüm rol oynamalıdır. Belə bir mexanizm mövcud olduğu təqdirdə, istənilən xarici aktorun - istər İsrail, istər İran, istərsə də digər dövlətlərin - regionda qeyri-stabil addımlar atmaq cəhdlərinin qarşısı daha effektiv şəkildə alına bilər. Ümumilikdə isə hesab edirəm ki, Azərbaycanın mövcud xarici siyasət kursu bu müharibədən sonra ciddi dəyişikliklərə məruz qalmayacaq və ölkə balanslaşdırılmış siyasətini davam etdirəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
2
50
musavat.com

10Mənbələr