AZ

Gülüş ömrü niyə uzadır?

Uzunmüddətli şən əhval-ruhiyyə orqanizm üçün həqiqətən faydalıdır.

Publika.az xəbər verir ki, terapevt Marianna Mazra bu iddianın elmi əsaslarının olub-olmaması barədə Gazeta.ru-ya danışıb.

"Tibbi nöqteyi-nəzərdən gülüş - kortizolun (əsas stress hormonu) səviyyəsinin orta hesabla 30–37% əhəmiyyətli dərəcədə azalmasına səbəb olan mürəkkəb neyrofizioloji reaksiyadır. Gülüş zamanı eyni zamanda dopamin və endorfinlərin — 'xoşbəxtlik hormonlarının' istehsalı ilə əlaqəli neyromediator sistemlər aktivləşir. Bu, əhvalın yaxşılaşması, təşvişin azalması və rahatlıq hissi ilə müşayiət olunur", - deyə o izah edib.

Gülüşün birbaşa "müalicəvi" effekti olmasa da, onun immunitetə təsiri dolayısı ilə təsdiqlənib. Araşdırmalar göstərir ki, gülüş epizodları anadangəlmə immunitet komponentlərinin aktivliyini artıra, həmçinin iltihab göstəricilərinin səviyyəsini aşağı sala bilər. Həkimin sözlərinə görə, bu, xəstəliklərin daha yüngül keçməsinə kömək edir, çünki stress yükü azalır. Odur ki, kəskin respirator virus infeksiyaları zamanı memlərə baxmaq da bir növ terapiyadır.

Gülüşün digər müsbət təsiri ağrının azalmasıdır. Bu, ağrı həddini yüksəldən endogen opioidlər olan endorfinlərin səviyyəsinin artması ilə bağlıdır. Tədqiqatların birində sübut olunub ki, komediya janrında məzmun izlədikdən sonra iştirakçıların ağrı həddi orta hesabla 10–15% artıb. Xroniki ağrıları olan (o cümlədən yaşlı və onkoloji) pasiyentlərdə "gülüş terapiyası" tətbiq edildikdə, ağrı intensivliyinin 10 ballıq şkala üzrə təxminən 1–2 bal azaldığı və həyat keyfiyyətinin yaxşılaşdığı qeyd olunub. Əlbəttə, bu effekt qısamüddətlidir və ağrıkəsici dərmanları əvəz etmir, lakin əlavə qeyri-medikamentoz üsul kimi istifadə edilə bilər.

Seçilən
37
33
publika.az

10Mənbələr