ain.az, Newscenter.az saytına istinadən bildirir.
Vəzifə Başında Yol Qəzasında Həlak Olan ANAMA əməkdaşı Elnurun Xatirəsinə... Azərbaycan Respublikası Mina Təmizləmə Agentliyi-də sürücü vəzifəsində çalışan 36 yaşlı Rüstəmov Elnur Yusif oğlu Şuşaya texnika apararkən baş verən yol qəzası nəticəsində həyatını itirmişdir.Təxminən 15 il mina təmizləmə sahəsində çalışan Elnur öz peşəsinə böyük məsuliyyət və sədaqətlə yanaşan əməkdaşlardan biri kimi tanınırdı. O, təhlükəli ərazilərdə fəaliyyət göstərən heyətin təhlükəsizliyinin təmin olunmasında, mina təmizləmə əməliyyatlarında texnika və heyətin düzgün yerlərə göndərilməsi və işlərin səmərəli təşkil olunmasında mühüm rol oynamışdır.Elnur olduqca fədakar və zəhmətkeş insan idi. Hər bir çətinliyə sinə gərir, ən ağır şəraitdə belə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirdi. İşinə məsuliyyətli yanaşması, dürüstlüyü və qətiyyəti onu həmkarları arasında seçilən şəxsiyyətə çevirmişdi.
Onun maşınında daim Azərbaycanın üçrəngli bayrağı dalğalanardı. Bu, onun Vətənə olan sevgisinin ən sadə, lakin ən dərin ifadəsi idi. Vətən onun üçün hər şeydən üstün idi.Vətənpərvərliyi, öz işinə məsuliyyətli yanaşması və göstərdiyi xidmətlərə görə Elnur mina təmizləmə agentliyi tərəfindən dəfələrlə yüksək qiymətləndirilərək mükafatlara layiq görülmüşdür.Baş verən faciəli hadisə yalnız ailəsi və yaxınları üçün deyil, eyni zamanda çalışdığı kollektiv üçün də ağır itkidir. Elnurun anası Cəmilə xanım üçün bu itki sözlə ifadə olunmayacaq qədər ağırdır. Bir ana üçün övlad itkisi dünyanın ən böyük dərdi, ən sağalmaz yarasıdır. Cəmilə xanım üçün zaman keçsə də bu acının yeri dolmayacaq, bu həsrət heç vaxt səngiməyəcək. Oğlunun xatirəsi onun qəlbində daim yaşayacaq, hər anı, hər xatirəsi bir ömür boyu onunla qalacaq. El üçün çalışan Elnurun adı, onun göstərdiyi şücaət və Vətənə olan sevgisi anasının qürur mənbəyi kimi hər zaman yaşayacaq. Elnurdan üç övladı yadigar qaldı. İki əkiz qızı və bir oğlu. Onlar da hər zaman atalarının əziz xatirəsini qəlblərində qürurla yaşadacaqlar. Sanki hələ də Şuşa yolunda vəzifə başında həlak olan atalarını gözləyəcəklər. Qəlblərində bir həsrət və ümidlə atalarının qayıdacağına inanaraq gözlərini yollardan ayırmayacaqlar.
Elnurun həyatı sədaqətin, zəhmətin və Vətən sevgisinin bariz nümunəsi idi. Onun xatirəsi daim hörmət və ehtiramla anılacaq, göstərdiyi xidmətlər isə heç zaman unudulmayacaq. Vətənimiz bu cür mərd və fədakar oğlunu itirsə də, onun adı və göstərdiyi xidmətlər həmişə tarixdə öz izini qoruyacaq və gələcək nəsillər üçün nümunə olaraq yaşayacaq.Allah rəhmət eləsin.Dürdanə Qaraşova,Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl Rayon Şöbəsinin hüquqi işlər üzrə müavini
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.