İranda başlayan müharibə və bölgədə artan gərginlik təkcə siyasi müstəvidə deyil, iqtisadi sahədə də öz təsirini açıq şəkildə göstərir. Xüsusilə uzun illərdir Azərbaycan bazarlarında geniş yer tutan İran mənşəli məhsulların dövriyyəsi artıq əvvəlki kimi deyil. Ticarət əlaqələrinin zəifləməsi, logistika problemləri və qeyri-müəyyənlik həm satıcıları, həm də alıcıları çətin vəziyyətdə qoyub. İrandan idxal olunan ərzaq və gündəlik tələbat məhsullarının azalması bazarda boşluq yaradıb, bu boşluğu isə digər ölkələrdən gətirilən alternativ məhsullar tam doldura bilmir.
Məhz bu mənzərəni yerində görmək üçün Musavat.com əməkdaşı “Təbriz nemətləri” adı ilə tanınan İran mağazalarına üz tutub. Qeyd edək ki, bir ay əvvəl də burada olmuşduq. O zaman satıcılar ümidlə danışır, “yaxın günlərdə mallar gələcək” deyirdilər. Amma görünən odur ki, vəziyyət gözlənildiyi kimi inkişaf etməyib.

Mağazaya daxil olan kimi əvvəlki rəngarənglik hiss olunsa da, piştaxtalarda müəyyən boşluqlar diqqətdən yayınmır. Satıcı ilə söhbətə başlayırıq. Sualımızı yarımçıq qoymadan cavab verir: “Hələ də mal gəlmir. Hamı gözləyir ki, İranda vəziyyət düzəlsin. Amma nə vaxt olacaq, bilən yoxdur...”
Söhbət zamanı məlum olur ki, anbarda qalan məhsullar satışdadır, lakin yeni partiyalar gəlmir. Bu isə qiymətlərə də təsir edib. Satıcı etiraf edir: “Gərginlik başlayandan qiymətlər də qalxıb. Biz də məcbur olub baha alırıq, baha satırıq”.
Rəflərə baxdıqca İran məhsulları ilə yanaşı digər ölkələrdən gətirilən mallar da gözə dəyir. Amma satıcı deyir ki, bu məhsullar müştərilərin gözündə eyni dəyəri daşımır: “Bizim müştəri sırf İran malı üçün gəlir. Deyir, başqa şey istəmirəm. Alternativ götürmürlər, bəyənmirlər”.

Bu sözlərin doğruluğunu elə mağazanın içində görmək olur. Orta yaşlı bir qadın ədviyyat rəfinin qarşısında dayanıb, bir-bir paketləri açıb iyləyir. Üzündə məmnun ifadə yaranır: “Bəh-bəh, bunun ətrinə bax… Bu tamam başqadır”. Əlindəki sarıkökü, zəfəranı, sumağı bizə göstərib əlavə edir: “Çox yerdə sumağı limon duzu ilə qarışdırırlar, camaatı aldadırlar. Bu isə təmizdir, ona görə buradan alıram”.
Satıcı qadının sözünü təsdiqləyir: “İran ədviyyatının dadı, ətri fərqlidir. Kim öyrəşibsə, başqa mal götürə bilmir”.
Ancaq bu marağın arxasında ciddi narahatlıq da gizlənir. Satıcı açıq deyir: “Əgər bu vəziyyət belə davam etsə, biz ziyana düşəcəyik. Mallar satılır, amma yerini doldura bilmirik. Başqa ölkələrdən gətiririk, amma o da eyni effekt vermir”.

Mağazada yerli məhsullar da diqqət çəkir. Satıcı şokoladı göstərir: “Baxın, bu ‘Çinar’ şokaladı öz məhsulumuzdur, yaxşı da satılır”. Amma əlavə edir ki, əsas maraq yenə də İran mallarınadır.
Alıcıların davranışı da bunu təsdiqləyir. Kimisi uzun-uzadı seçim edir, kimisi isə birbaşa soruşur: “İran malı varmı?” Cavab mənfi olanda isə ya az miqdarda alıb çıxır, ya da ümumiyyətlə heç nə almadan gedir.
Beləliklə, mağazada həm alış, həm də narahatlıq paraleldir gedir. Bir tərəfdə İran məhsullarına olan dəyişməz tələbat, digər tərəfdə isə bu məhsulların tədarükündə yaranan boşluq. Görünən odur ki, İranda baş verən proseslər təkcə sərhədlər daxilində qalmır, onun təsiri Bakının bazarlarında, mağazalarında, alıcı və satıcıların gündəlik həyatında da açıq hiss olunur.
Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com